Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib ki, Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır. O bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.
“Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib. Bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir. Tikinti elə aparılmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün, güclü dağıntılar və insan tələfatı olmasın”, - deyə Qurban Yetirmişli vurğulayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev Musavat.com-a mövzunu şərh edib.
Onun sözlərinə əsasən, sürüşmə zonaları relyefin elə hissələrindədir ki, relyefin meyillilik bucağı 30-35-40 dərəcədən yüksək olur:
“Torpağın, süxurun tərkibindən asılı olaraq müxtəlif hidrogeoloji proseslər gedə bilər. Əgər torpağın süxurları bərkdirsə, sürüşmə prosesi nisbətən zəif olur. Əksinə, əgər yüngül mexaniki hissəciklərdən - qum, gildən ibarətdirsə, yeraltı suların axını ilə sürüşmə riski nisbətən yüksək olur. Abşeron yarımadası, xüsusilə Bakının Yasamal, Bayıl, Səbail, Qaradağ rayonları ərazisində çöküntü süxurları üstünlük təşkil etdiyi üçün sürüşmə ehtimalı daha çoxdur. Yasamal rayonundan başlayaraq Bakı buxtasında qədər yeraltı sular Xəzər dənizinə istiqamətlənib. Bu ərazilərdə genişmiqyaslı, çoxmərtəbəli tikintilərin aparılması məqsədəuyğun deyil”.
Mütəxəssis vurğulayıb ki, sürüşmə riski olan ərazilərdə fitomeliorativ tədbirlər görülməlidir:
“Sürüşmə riski olan ərazilərdə kökü dərinə işləyən bitki və ağac növləri əkilməlidir. Məsələn, küknarın, şamın kökü səthə yayılır. Kol bitkilərinin kökləri isə həm dərinə, həm də kənara şaxələnir, torpaqqoruyucu, suqoruyucu xüsusiyyətləri yüksək dərəcədədir. Sürüşmə riski olan ərazilərdə çoxmərtəbəli tikintilər aparılmamalıdır, ən yaxşı halda 5 mərtəbəli yaşayış binası tikmək olar. Amma onların ətrafında qoruyucu zolaqlar salınmalıdır. Həmçinin, örtülü dren şəbəkəsi qurulmalıdır. Drenlər yealtı suların kənarlaşdırılması üçün əsas vasitələrdən biridir”.
Bakı 




