Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı Quranı yandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Paludanın bu hərəkəti zamanı İsveç polisi təhlükəsizlik tədbirləri görsə də, ona müdaxilə etməyib.
O, bunun üçün İsveç hökumətindən rəsmi icazə aldığını bildirib.
Baş verənlərin Türkiyə-İsveç münasibətlərinə hansı mənfi təsiri ola bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İsveçdə Quranın yandırılması iki ölkə arasında münasibətlərinə mənfi təsir edəcək:
“Bunun nəticəsidir ki, İsveç müdafiə nazirinin Türkiyə səfəri təxirə salındı. Türkiyənin müdafiə naziri açıq dedi ki, indi səfər vaxtı deyil".
İsveçin NATO üzvü olmaq istədiyini deyən E.Şahinoğlu qeyd edib ki, amma Türkiyə səfirliyi qarşısında bu biabırçı hadisədən sonra bu məsələ də qəlizləşəcək və Türkiyə İsveçin NATO-a qəbulunu əleyhinə çıxacaq:
“Bu, İsveçin vəziyyətini daha da ağırlaşdıracaq. Ona görə, düşünürəm, İsveç gərək elə səylər göstərsin ki, Türkiyə ilə dialoq imkanları yaratsın. Ancaq hələ ki, bu imkanların olacağını gözləmirəm”.
Aytac Aslan
















