Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
"Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.