Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Kemal Mustafa İbili “Təsir dairəsi” ictimai-sosial verilişinə çıxaraq, kömək istəyib.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən verilişin canlı efirinə gələn Əməkdar artist keşmiş kürəkəninin yalan danışdığını və hazırda aralarında məhkəmə prosesinin getdiyini açıqlayıb.
Cavanşir Məmmədov haqqında deyilənlərin əsassız olduğunu, Kamala 300 min dollar borcu olmadığını bildirib. Onun sözlərinə görə, əksinə, K.Mustafanın ona 100 min dollar borcu var: “Məndən xahiş edib ki, onu həbs etdirməyim. Hər həftə mənə min manat pul ödəyəcək. Hələ də pul verməyib. Pandemiyada iş yox idi, mən də maşınımı satıb pulu evə qoymuşdum. Mənə dedi ki, pul verin işə yatıraq və sizə hər ay pul ödəyək. Ailədə çox adam var, gəlirim ancaq toydandır. Pandemiyada toy olmadığı üçün buna inandım və pulu verdim. Sonra həyat yoldaşım dedi ki, qalan pulu da verək, evdə saxlamayaq. Beləcə, onun mənə 100 min dollar borcu yaranıb və o pulu geri qaytarmır”.
Müğənni K.Mustafanın onun 20 yaşlı nəvəsi Rəfiqəyə də borcu olduğunu gizlətməyib. Çox keçmədən verilişin aparıcısı Lalə Azərtaş Rəfiqəni canlı efirə bağlayıb. O da qalmaqallı məsələdə babası ilə eyni fikirdə olduğunu deyib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyalə Rza
















