Cənubi Koreyanın keçmiş lideri Yun Sok Yola qarşı açılmış səkkiz cinayət işindən biri üzrə qərar çıxarılıb və o, iki il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Yonhap" agentliyi yayımlayıb.
Məlumata görə, Seul Mərkəzi Dairə Məhkəməsi Yun Sok Yolu siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaq ittihamı ilə məhkum edib. Məhkəmə hesab edib ki, ixtisaslaşmış büro 2022-ci ildə prezident seçkiləri ərəfəsində Yun Sok Yolun və onun həyat yoldaşının maraqları naminə təxminən 190 min dollar dəyərində pulsuz sosioloji sorğular keçirib. İstintaq materiallarında vurğulanır ki, həmin sosioloji mərkəzin rəhbəri Myunq Tae Qyun bu addımının müqabilində müəyyən imtiyazlar əldə edəcəyini ümid edib.
Myunq Tae Qyun həmin məhkəmə tərəfindən bir il altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bununla belə, sabiq prezidentin həyat yoldaşı Kim Kon Hi digər məhkəmə icraatı çərçivəsində birinci və ikinci instansiya məhkəmələrində siyasi kampaniyaların maliyyələşdirilməsi haqqında qanunu pozmaq ittihamı üzrə təqsirsiz hesab edilib.
Xatırladaq ki, bu ilin fevralında birinci instansiya məhkəməsi sabiq lider Yun Sok Yola konstitusiya quruluşunu devirməyə cəhd və qiyam təşkili ittihamları ilə ömürlük həbs cəzası kəsmişdi. Qeyd edək ki, Cənubi Koreyanın Cinayət Məcəlləsində bu cür cinayətlərə görə sadəcə iki növ cəza - ömürlük məhkumluq və ya ölüm cəzası nəzərdə tutulur.
Bakı 



