• Bakı 29° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.8537

    RUB - 0.0192

Ceyhun Bayramov Xavier Kolomina ilə görüşüb - YENİLƏNİB

SİYASƏT

10 Iyul 2024 | 15:00

Ceyhun Bayramov Xavier Kolomina ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.

Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

11:09

NATO-nun Vaşinqtonda keçirilən Sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib. Azərbaycan-Ermənistan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik vəziyyəti və çağırışlar da gündəmdə olub",-məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR