“Changan”nın Azərbaycandakı rəsmi distributoru olan “Azərbaycan Avtomobil Evi” şirkətindən şikayət var.
Bakıvaxtı.az xəbər verir ki, şikayətçi həmin şirkətdən 2 ay öncə avtomobil alan Tural Məmmədzadədir.
Şikayətçi bildirib ki, “Changan”nın Uni-T modelinin multimedia sisteminin bir hissəsi çin dilindədir: “Telefona zəng gələndə multimedia sistemindən çincə səslər gəlir. Bunu bağlamaq da mümkün deyil. Xəritəsi Azərbaycanda işləmir, radiosu yoxdur, raioya telefonun Wifi-si üzərindən internetə bağlanılır və ancaq Çinin radio dalğalarını dinləmək olur. Sistemə yeni proqram yazmaq olmur, açıb sistemi dəyişmək olmur”.
O qeyd edib ki, satış elanında və reklamlarda avtomobilin “Face ID” ilə təchiz olunduğu yazıblar: “Amma “Face ID”nin işləməsi üçün sürücünün çin vətəndaşı olması lazımdır və “WECHAT” proqramı üzərindən rəsmi qeydiyyatı olmalıdı. Bu proqramdan istifadə etmək üçün isə avtomobil sahibinin Çinin mobil şirkətinə aid nömrəsi olmalıdır”.
Şikayətçi bildirir ki, problemin həlli üçün dəfələrlə avtomobili aldığım “Changan”nın Azərbaycandakı rəsmi distributoruna müraciət etdim: “Yazıb bildirdim ki, avtomobili qlobal proqram təminatı təchiz etsinlər. Amma məni yola verdilər”.
T.Məmmədzadə deyib ki, sahibi olduğu avtomobilin hazırda bazar qiyməti 48 min manatdır: “3 illik kasko sığorta üçün 3 min manat ödəniş etmişəm. Amma hələ də kasko sığorta təminatı qüvvəyə minməyib. Peşmanam, avtomobilimi satıram”.
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Evi” şirkətindən Bakıvaxtı.az-a bildirilib ki, avtomobil Çin istehsalıdır və buna görə multimedianın bir hissəsinin Çin dilində olması normal haldır: “Bütün müştərilərə bu barədə satışdan öncə məlumat verilir. Yeni əməliyyat sisteminin yazılması və avtomobildə idarə panelinin dilinin dəyişdirilməsi üçün işlər görülür”.
Ramid İbrahimov
















