• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

COP-29 və Azərbaycanın “Yaşıl enerji”yə keçidi nələr vəd edir? - MÜSAHİBƏ

COP29

19 Mart 2024 | 11:26

COP-29 və Azərbaycanın “Yaşıl enerji”yə keçidi nələr vəd edir? - MÜSAHİBƏ

Məlum olduğu kimi, ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi qərar dekabrın 12-də plenar iclas zamanı verilib.

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür.

Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdü. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkib.

Sonuncu COP28 Dubayda təşkil edilib. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

COP tədbirinin məqsədi nədir?

2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb. COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

COP29 tədbirinin Azərbaycan, eləcə də dünya üçün vəd etdiyi dvidentlərdən danışan Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri Dr.Telman Nüsrətoğlu Bakıvaxtı.az-a bildirib ki, qlobal sistemin gələcəyi geosiyasi mübarizələr, iqtisadi sferada baş verənlərlə bağlı dünyada Münxen Təhlükəsizlik Forumu və Davos Forumları kimi bir neçə önəmli beynəlxalq forum həyata keçirilir:

- Amma bunlar daha çox ayrı-ayrı istiqamətlərlə bağlıdır. Bütövlükdə həmin forumlar insanlığın gələcəyini ilgiləndirən məsələlərlə bağlı deyil. Onlar iqtisadi, beynəlxalq münasibətlər və təhlükəsizlik sahələrini əhatə edir. Bu mənada Azərbaycanda keçirilən “Bakı froumu” və bundan sonra keçirləcək COP29 demək olar ki, çox fəlsəfi, düşünsəl və insalığı gözləyən problemlərlə bağlı dərin bir müzakirə platforması olaraq ön plana çıxır. Bu da Azərbaycanı fərqli edir. COP29-un Azərbaycanda baş tutması bundan əvvəl “Bakı Forumu”nun reallaşması, COP29-la bağlı tədbirin baş tutması, həqiqətən də parçalanmış, bölünmüş dünyanın müxtəlif aspektləri ilə bağlı, insanlığı gözləyən təhdid və təhlükələrlə bağlı müzakirələrin aparılması olduqca mühümdür. Bu çox yaxşıdır ki, son dövrlər biz bir çox hallarda parçalanmış, bölünmüş mahiyyət kəsb edən Qərb platformalarından fərqli olaraq, birləşdirici platforma kimi çıxış edirik. Biz deyəndə Türkiyə, Azərbaycan və Türk dünyasını nəzərdə tuturam. “Antalya diplomasi forumu” və “Bakı forumu” bu mənada təmsil etdiyimiz mədəniyyətin sülh, əməkdaşlıqdan yana bir mədəniyyət olduğunu və daha çox humanist motivlərə kökləndiyini ortaya qoyur. Bu mənada COP -29-un Azərbaycan kimi neft-qaz ölkəsində keçirilməsi önəmlidir.

- Məsələn, necə və nə ilə önəmlidir ?

- Çünki Azərbaycan neft-qaz ölkəsi olmasına rəğmən insanlığı gözləyən problemlərdən olan iqlim böhranlarından xilas olmaq üçün ardıcıl təşəbbülərlə çıxış edən ölkədir.

Azərbaycan “Yaşıl enerji” məsələsində həssas yanaşma ortaya qoyub…

Bəli, biz sahədə də ölkəmizdən həssas davranış görürük. Bilirsiniz ki, Qara dənizdən Avropaya uzanan “Yaşıl enerji2 xətti ilə bağlı Birləşmiş Əərəb Əmirlikləri ilə birlikdə çalışma və yatırımlarımız var. Bizim günəş panelləri, günəş və külək enerjisi ilə bağlı çalışmalarımız var. Azərbaycan bu istiqamətdə də çalışma və yatırımlarını artırır. Getdikcə qeyri-neft sektorunun inkişaf edirilir, nəqliyyat və kommunikasiyalar istiqamətində strateji layihələr həyata keçirilir. Bunların da başında “Yaşıl enerji” məsələsi qeyd edilə bilər. “Sıfır emissiya” hədəfi ilə 2050-ci ilə qədər hərəkət edən və daha çox iqlim böhranları ilə bağlı həssasiyyət göstərən bir yanaşma olaraq, Azərbaycanın yanaşmasını görürük. Bu mənada COP29-un ölkəmizdə gerçəkləşməsi beynəlxalq müstəvidəki münasibətlər sistemində, bizim regional və qlobal sistem içərisindəki rolumuzun artmasını orta qoyan mühüm bir tədbirdir.

- Azərbaycanın bu istiqamətdəki təklif və mövqeyi maraqla qarşılanır…

- Azərbaycanın səsləndirdiyi təkliflər və mövqe ona görə maraqlıdır ki, Azərbaycan neft və qaz ölkəsi olmasına rəğmən bu məsələdə də intensiv çalışır. Bundan başqa, bilirik ki, dünyanı ən çox çirkləndirən ölkələr məhz inkişaf etmiş ölkələrdir. Dünyanı, iqlimi ən çox çirkləndirən ölkələr sənayeləşmiş böyük ölkələrdir. Amma Azərbaycan kimi inkişaf etməkdə olan neft-qaz ölkəsinin bu qədər təşəbbüskar olması çox mühümdür.

- Azərbaycan “Yaşıl enerji”yə keçidlə bağlı bir model yarada bilibmi və bu istiqamətdə nə kimi işlər, tədbirlər həyata keçirə bilər?

- Bəli, Azərbaycan bir model ortaya qoyub: “Azərbaycan modeli”.

- Məsələn?

- İşağaldan azad edilən ərazilərdə ortaya qoyduğumuz model. Yəni xüsusilə oradakı şəhərlərimizn ağıllı sistemlərlə idarə edilməsi, Su Elektrik Stansiyası, Külək Elektrik Stansiyaları, günəş panelləri fərdi evlərin belə, günəş panelləri ilə əlatə edilməsi, tamamən yeni bir konseptlə ağıllı kənd, şəhər və qəsəbələrin salınması, təbiətin imkanlarından yararlanan, iqlim böhranı və kirlənməyə səbəb olmayan bir yanaşma ortaya qoyulub. Bunu işğaldan azad edilən ərazilərdə bir çox parametrlər üzrə görmək mümkündür. Bu da Azərbaycan modelidir. Yəni bu məsələ sadəcə Azərbaycanın gündəmini işğal edə məsələ deyil, dünya xalqları artıq bu istiqamətdə həyəcan təbili çalmaqdadır. Qlobal istiləşmə problemi sadəcə iqlim böhranı olaraq dəyərləndirilməməlidir.

- Bəs başqa necə qiymətləndirilməlidir, daha dəqiq izah verərdiniz?

- Yaxşı sualdır. Qlobal istiləşmənin ardınca ərzaq qıtlığı gələcək, onun ardınca köç böhranları dünya ölkələrinin “qapısını döyə” bilər. Bilirik ki, dünyanın ən böyük problemlərindən biri də köç mühəndisliyidir. İqlim böhranı ilə üz-üzə qalan, böyük ərzaq qıtlığı yaşayan ölkələrin su çatışmazlığı ilə qarşı-qarşıya qalan ölkələrin əhalisinin başqa ölkələrə köç etməsi məsələsi var. Bu da təhlükəsizlik məsələsidir. Bu dolayısı ilə təhlükəsizlikdən, iqtisadi aclıq, tədarük zəncirlərinin qırılmasına qədər fərqli problemlərə yol aça bilir. Bu mənada Azərbaycanın bu məsələdə daha həssas, daha planlı və tədbirli davranması önəmlidir. Biz önəmli bir çoğrafiyada yaşayırıq. Geopolitik baxımından Azərbaycan daha hazırlıqlı və dünyanın gələcəyi üçün də mesaj daşıyan bir duruşa sahibdir. Türk dövlətləri çəriçivəsində və digər platformalarda da öncədən proqnozlaşdırılması çətin olan məsələlərlə bağlı tədbirlərimizi görməliyik və bunun da başında iqlim böhranı məsələsi gəlir. Azərbaycanın gələcək problemlərin üzərinə yürüməsi və bu məsələlərə dair planlı, konseptual proqramlar ortaya qoyması önəmlidir. Dünyanın gələcəyinin müzakirə edildiyi bir bir platfomaya ev sahibliyi etməsi çox vacibdir.

- Ölkəmiz mühüm beynəlxalq platformalara ev sahibliyi etməklə həm də Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanist, sosial, tarixi və b. mədəniyyətini dünyaya nümayiş etdirir.

- Doğrudur, bizim təmsil ediyimiz bir mədəniyyət var. “İnsanı yaşat ki dövlət yaşasın”. Dahi Nizami, Füzuli, Yunus Əmrə, Mövlana kimi şəxsiyyətlərin dili ilə ədaləti, insanlığı, yardımlaşmanı, humanizmi təbliğ edən mədəniyyəti təmsil edirik. Bu mənada bizim dünyaya deyəcək sözümüz var. İnsanlığın gələcəyinədən bəhs olunursa, burada ən çox söz haqqı olan millətlərdən biri də Türk millətidir. Bu gün dünyada humanist duruş sərgiləyən bir ölkə var. O ölkənin adı Azərbaycandır.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Aprel 2024