BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bitmək üzrədir.
Tədbirin davam etdiyi 12 gün ərzində bir çox fərqli platformalarda görüşlər təşkil olunub, iqlimlə əlaqədar panellərdə qlobal problemlər və onlardan çıxış yolları müzakirə olunub. Beynəlxalq konfrans çərçivəsində bir çox vacib sənədlər, o cümlədən, ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.
Qəbul edilən sənədlər müxtəlif istiqamətlərdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək. Fransa kimi qərəzli ölkələrin təzyiqlərinə və qarayaxma kampaniyalarına rəğmən, əksər dünya ölkəsi, o cümlədən, region dövlətləri COP29 tədbirinin əhəmiyyətini və Azərbaycanın yüksək təşkilatçılıq bacarığını qeyd ediblər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Asim Mollazadə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə təşkil etdiyini deyib.
Asim Mollazadə: Miqyasına, əhəmiyyətinə və iştirakçılıq səviyyəsinə görə də COP29 çox önəmli olub
Deputat vurğulayıb ki, bir sıra ölkələrin qarayaxma kampaniyasına, ölkəmiz əleyhinə təbliğatına rəğmən, Azərbaycan dövləti COP29-u ən yüksək səviyyədə təşkil edə bilib:
"Bakı bu platformanı təşkil etməklə iqlim dəyişimləri ilə bağlı ciddi mövzuları, problemləri müzakirə etmək üçün şərait yaradıb. COP29 çərçivəsində ciddi müzakirələr həm cəmiyyətə, həm ölkəmizə öz töhfəsini verəcək".
Siyasətçinin fikrincə, bu istiqamətdə indiyədək keçirilən, təşkil edilən tədbirlərin içərisində ən çox və ciddi nəticələr məhz Bakıda keçirilən COP29 tədbirində əldə edilib:
"Miqyasına, əhəmiyyətinə və iştirakçılıq səviyyəsinə görə də COP29 çox önəmli olub. Bunlar təkcə mənim düşüncəm deyil. Gördüyünüz kimi tədbir üçün Azərbaycana gələn, prosesdə iştirak edən bir sıra ölkələrin təmsilçiləri ölkəmizin təşkilatçılığın, nəticəyə yönəlmiş fəaliyyəti çox yüksək qiymətləndirirlər. Düşünürəm ki, Azərbaycan gələcəkdə də bu prosesə öz töhfəsini verəcək. İqlim dəyişikliyi ilə mübarizədə, yaşıl enerji sahəsində Azərbaycanın liderliyi hər kəsə bəlli olacaq".
Aydın Baxış