• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Dalğıclar insanları dənizdə qəsdən batırır? - FHN-dən REAKSİYA: Fakt varsa...

CƏMİYYƏT

06 Avqust 2025 | 12:35

Dalğıclar insanları dənizdə qəsdən batırır? - FHN-dən REAKSİYA: Fakt varsa...

Son günlər havaların isti keçməsi ilə əlaqədar dənizə üz tutanların sayı artır. Və hər il olduğu kimi, bu il dənizdə boğulanların sayında artım müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, dənizdə boğulanların sayının artması illərdi səslənən iddiaları yenidən gündəmə gətirib. Belə ki, sosial şəbəkələrdə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bəzi əməkdaşlarının guya vətəndaşların sularda batmasında maraqlı olduğu, hətta bəzi dalğıcların meyit satdığına dair iddialar yer alıb.

Bu cür fikirlər cəmiyyətdə ciddi narahatlıq doğurduğundan Bakıvaxtı.az məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) münasibət öyrənib.

Qurumdan saytımıza bildirilib ki, yayılan iddialar əsassızdır və bu kimi fikirləri yayan şəxslər məsuliyyətlərini unutmamalıdırlar.

“Əgər kimsə bu cür iddialar irəli sürürsə, yaxınının bu qəbildən hadisəyə məruz qaldığını düşünürsə və əlində konkret faktlar varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Biz qanun çərçivəsində fəaliyyət göstəririk və vətəndaşların həyatını qorumaq üçün çalışırıq”, – deyə nazirlikdən bildirilib.

Məlumatda o da bildirilir ki, bu kimi ittihamların cəmiyyətdə yayılması dövlət qurumlarının fəaliyyətinə ləkə vurmağa yönəlmiş cəhd kimi qiymətləndirilə bilər:

“Vətəndaşlar unutmasınlar ki, iddiaların əsassız şəkildə yayılması, xüsusilə də böhtan xarakterli olması, Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır”.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran təhlükəsizlik eksperti  Elmar Nurəliyev sözügedən iddiaların əsassız olduğunu bildirib.

Elmar Nurəliyev, təhlükəsizlik eksperti

Onun sözlərinə görə, hər il xilasedicilər tərəfindən yüzlərlə vətəndaş xilas edilir və baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün insanlar yalnız rəsmi çimərliklərə üz tutmalıdır:

"Dalğıcların suda batırması məsələsi əsassızdır. Hər il xilasedicilər tərəfindən yüzlərlə şəxs xilas edilir. Bu cür hallar baş verməsin deyə rəsmi çimərliklərə getmək lazımdır. Çünki onlarda dalğıclar fəaliyyət göstərir. Hazırda çalışan dalğıcların hamısının xüsusi sertifikatı var. Onların nəzarət etdiyi yerlərdə boğulma faktı qeydə alınmır".

FHN bir daha vətəndaşları yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Avqust 2025