Avstraliyada 51 balina ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Avstraliyanın Qərbi Avstraliya əyalətinin cənubundakı Çeynes çimərliyində qeydə alınıb.
Məlumata görə, dayaz sularda qalan 51 balina ölüb, daha 46 balinanın isə dərin sulara qaytarılması istiqamətində işlər davam etdirilir.
Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətindən verilən açıqlamada deyilir: “Çeynes çimərliyində sahilə çıxan 51 balinanı təəssüf ki, xilas etmək mümkün olmayıb. İşçilər və könüllülər 46 pilot balinanı sulara qaytarmaq üçün birlikdə çalışıblar".
Avstraliya Parklar və Vəhşi Təbiət Xidmətinin rəsmiləri sakinlərə çimərlikdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Vəhşi təbiətlə bağlı araşdırmalar aparan Vanessa Pirotta balinaların niyə sahilə çıxdığının bilinmədiyini bildirib. Balinaların sahilə çıxmamışdan əvvəl toplaşdığını qeyd edən Pirotta bildirib ki, onlar qatil balina kimi yırtıcıdan qaçmağa çalışmış ola bilərlər.
Cənub yarımkürəsində və Şimali Atlantik okeanında yaşayan pilot balinalar boz, qara və ya qəhvəyi rəngdə ola bilər. Onların uzunluğu 7,6 metrə çatır. Ötən ilin sentyabrında Avstraliyanın Tasmaniya sahillərində 200-ə yaxın balina su altında qalıb, onlardan yalnız 35-i xilas edilib. Tasmaniyada ən böyük sahilə çıxma hadisəsi 2020-ci ildə 400 balina ilə baş verib.
Ay Tac















