Bəzən xəstələr dərmanların keydiyyətsizliyindən, heç bir effekt vermədiyindən şikayətlənirlər. İddia olunur ki, ölkəyə gtirilən dərmanların keyfiyyəti aşağı olduğundan, xəstələr təsiri olmur.
Bakıvaxtı.az xəbər verir ki. Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Fazil Mustafa da bu məsələyə toxunub. Deputat da ölkəyə gətirilən dərmanların keyfiyyətsiz olduğunu deyib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərman vasitəsi ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Mərkəzin mütəxəssisləri tərəfindən təqdim edilmiş nümunələrin qablaşması, içlik vərəqəsi yoxlanılır, yoxlanıldıqdan sonra nümunələr AEM-də yaradılmış Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilir. Laboratoriyada təqdim edilmiş DV-i nümunələrinin tərkibi və digər keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş normativ sənədlərə əsasən yoxlanılır.
“Ölkədə istehsal olunan dərman vasitələrinin hər seriyasının nümunəsi də Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə sertifikat verilir”. Məlumatda qeyd edilib ki, AEM-in Dərman Vasitələrinin Keyfiyyətinin Yoxlanılması Laboratoriyasının mütəxəssisləri bir çox beynəlxalq təlim və kurslarda iştirak etmiş və müvafiq sertifikatlara layiq görülüblər. Bundan başqa, Mərkəz 2019-cü ildə İSO 17025 “Sınaq və kalibrləmə laboratoriyasının səlahiyyətlərinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub və Mərkəzin Laboratoriyası İSO/İEC 17025:2009 akkreditasiya sertifikatı aldıqdan sonra Beynəlxalq təşkilat kimi fəaliyyət göstərən Qlobal Fondun akkreditasiya olunmuş laboratoriyaları siyahısına daxil edilib. Dərman vasitələrinin keyfiyyətinə nəzarət mexanizmlərindən biri də Əczaçılıq müəssisələrində nəzarət yoxlamalarıdır. Əczaçılıq müəssisələrində nəzarət yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq keçirilir. Qanunvericiliyə uyğun olaraq plan üzrə (növbəti) və daxil olan şikayət, məlumat və müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar keçirilir.
Əczaçılıq müəssisəsi yoxlanarkən “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə təsdiqlənmiş Əlavələrin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir. Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması həmçinin qeydiyyat prosesində də həyata keçirilir ki, bu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” ilə tənzimlənir. Farmakonəzarət sistemi - dərman vasitələrinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir. Bu sahədə nəzarət mexanizmlərindən xüsusən - dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibləri tərəfindən təqdim etmiş olduğu təhlükəsizlik ilə əlaqəli müraciətlərin araşdırılması, dünya səhiyyə mərkəzlərinin rəsmi internet səhifələrinin araşdırılaraq dərman təhlükəsizliyi ilə əlaqəli xəbərdarlıqların izlənməsi kimi bir sıra fəaliyyətlərdən ibarətdir. Bu məlumatlar əsasında fayda-risk nisbətinin qiymətləndirilməsi və ölkəmizdə qeydiyyata alınmış və qeydiyyat prosesində olan dərman vasitələri üçün lazımi tədbirlərin tətbiqi ilə riskin ən minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlərdən biri, AEM Azərbaycan Respublikasının 2018-ci il yanvar ayının 23-də ÜST tərəfindən Beynəlxalq Dərman Vasitələrinin Monitorinqi Programının 130-cu tam hüquqlu üzvü qəbul edilməsinə nail olmuşdur. WHO Drug Insight proqramı vasitəsilə Mərkəzimiz dünya dərman bazasına giriş əldə etmişdir ki, baza bütün dünyadakı dərmanlar haqqında məlumatlara malikdir. ÜST-ün Uppsala Monitorinq Mərkəzinin hesabatına əsasən Azərbaycan 2019-cu ilin göndərilən fərdi hadisə barədə təhlükəsizlik hesabatlarının sayına görə MDB ölkələri arasında birinci olub. AEM dərman vasitələrinin əlavə təsirlərinin elektron bazasının yaradılması, MedDRA terminologiyası ilə kodlaşdırılması və E2B formatında ÜST-ün Uppsala Dərman vasitələrinin İzlənməsi Mərkəzinə məlumatların ötürülməsi üçün veb bazalı “VigiFlow” proqram təminatından istifadə edirlər (hal-hazırda həmin proqram yenilənərək “OneFlow” xidməti olaraq adlandırılmışdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Onlayn portal vasitəsi ilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat bir şəkildə ötürülməsi mümkün olub. AEM ÜST-ün Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirərək, dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Sistemin əsası ÜSTün Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanmışdır və burada təqdim olunan məlumatlar ÜST-ün əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Həmin məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə Mərkəz tərəfindən nəzarət ediləcək. Bu proseduru əlçatan etmək məqsədilə, AEM-in rəsmi saytında (www.pharma.az) keçid linki və QR kodu yerləşdirilib (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il tarixli 503 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 39 nömrəli Qərarı ilə 25 avqust 2020-ci il tarixdə təsdiq edilmiş “Etibarlı Farmakonəzarət Təcrübəsi”nə dair Təlimat) Digər nəzarət mexanizmi, Etibarlı İstehsalat Təcrübəsi (GMP) təftişidir. Mərkəz tərəfindən ilk EİT (GMP) təftişi 05.2016-cı ildə keçirilib. Təftişlərin məqsədi dərman vasitələrinin istehsal olunduğu zavodlarda istehsalat prosesinin əyani yoxlanışı və nəzarətidir. 05.2016 – 04. 2022 tarixləri müddətində 2-si onlayn (distant) olmaqla 27 ölkənin 80 dərman vasitəsi istehsalçı şirkətində ümumilikdə 85 EİT təftiş həyata keçirilmişdir. Sözügedən fəaliyyətə Mərkəzin 20 mütəxəssisi cəlb edilib.
Mərkəzdən bildirilib ki, dərman vasitələrinin qiymətinə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə aid deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Bakıvaxtı.az-a təəssüf hissi ilə bildirib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi effektli işləmir: “2000-ci illərin əvvəllərində Ümumdünya Gömrük Komitəsinin Konqresi keçirildi. Bu Konqresə görə dünyanın 53 gömrük generalı Azərbaycanda toplaşdı. Yeganə Qeyri Hökümət Təşkilatı olaraq, Azad İstehlakçılar Birliyinin sədri kimi bu konqresdə iştirak etdim. Onlar dünyada saxta dərman istehsalının qarşısını almağın yollarını müzakirə edirdilər. Saxta dərman istehsalçılarının həyat tərzi, hansı ölkələrdə fəaliyyət göstərmələrinin hamısını nümayiş etdirdilər, lakin onları ifşa edə bilmədiklərini etiraf etdilər”.
AİB sədri qeyd edib ki, dünyada saxta dərman alveri dövr edir: “Üstəlik eşitmişəm ki, internet üzərindən satılan dərmanların 70%-i saxta olur. Deputat Fazil Mustafanın fikirləri ilə tam razıyam. Çox təəssüf ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də effektli işləmir. Belə bir şəraitdə, eləcə də dərman biznesi ilə məşğul olan insanların əksər hissəsinin Milli Məclisin müvafiq komitələrində təmsil olunması maraqlar konfilikti yaradır. Bunun nəticəsidir ki, ölkəyə keyfiyyətsiz dərmanlar gətirilir. Bundan əlavə, ölkəyə təhlükəli, insanlara zərər verə bilən şprislər də gətirilir. Hazırda şprislərlə bağlı tədqiqat işi aparırıq”.
Nuranə Daxilqızı
















