• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Dərman vasitələrinin dövlət qeydiyyatının əsas şərtləri

CƏMİYYƏT

06 Yanvar 2026 | 10:22

Dərman vasitələrinin dövlət qeydiyyatının əsas şərtləri

“Dərman vasitələrinin idxalı zamanı əsas məqsəd əhalinin sağlamlığının qorunması, ölkəyə gətirilən dərman vasitələrinin keyfiyyətli, təhlükəsiz və effektiv olmasının təmin edilməsidir. Məhz bu prinsiplərə əsasən, müəyyən hallarda dərman vasitələrinin ölkə ərazisinə idxalına icazə verilməsindən imtina edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazov deyib.

Onun sözlərinə görə, dərman vasitəsinin dövlət qeydiyyatı olmadığı hallarda, yəni həmin dərman Azərbaycan Respublikasının dövlət reyestrində yer almadıqda və ya idxala icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə (qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla), bu dərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:

“Dövlət qeydiyyatı dərman vasitəsinin təhlükəsizliyi, keyfiyyəti və istifadəsinin məqsədəuyğunluğu ilə bağlı ilkin və əsas şərt hesab olunur. Eyni zamanda, idxal ilə bağlı Mərkəzə təqdim edilən sənədlərdə hansısa uyğunsuzluq aşkar edilərsə, yəni idxal üçün təqdim olunan məlumatlar dərman vasitəsinin dövlət qeydiyyatı ilə bağlı rəsmi sənədlərdə yer alan məlumatlarla üst-üstə düşmürsə, sənədlər arasında fərq, ziddiyyət və ya qeyri-dəqiqlik mövcuddursa, bu da idxala icazənin verilməməsi üçün əsas sayılır. Bundan əlavə, dərman vasitəsi ilə bağlı geri çağırma (recall) tədbirləri tətbiq edilibsə və həmin dərmanın idxalının dayandırılması barədə müvafiq qərar qüvvədədirsə, yəni təhlükəsizlik, keyfiyyət və ya digər ciddi səbəblərlə dərmanın dövriyyəsi müvəqqəti və ya tam şəkildə məhdudlaşdırılıbsa, belə dərman vasitələrinin də idxalına icazənin verilməsindən imtina edilir”.

Ş.Şahbazov bildirib ki, həmçinin, idxal zamanı dərman vasitələri ilə bağlı aparılan ekspertizanın (eləcə də sadələşdirilmiş ekspertizanın) nəticələri mənfi olduqda və bu dərman vasitəsinin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar olunduqda, bu dərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:

“Ümumilikdə qeyd etmək olar ki, dərman vasitələrinin idxalına icazədən imtina halları birbaşa olaraq əhalinin sağlamlığının qorunmasına, ölkənin dərman vasitələri ilə təminatında keyfiyyətsiz və riskli məhsulların qarşısının alınmasına və dərman dövriyyəsində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına xidmət edir”.


SON XƏBƏRLƏR