Ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daha çox dərman zəhərlənməsi ilə bağlı müraciət edilib. Belə ki, yanvarda 67 nəfər dərmandan zəhərlənib.
Dərman zəhərlənməsi nə zaman baş verir?
Həkim Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, dərman zəhərlənmələri, əsasən, intihar hallarında olur: “Yəni, xəstə hər hansı bir dərmanı özünə qəsd etmək məqsədilə normadan artıq qəbul etdikdə dərman zəhərlənməsi baş verir. Amma normal dozada qəbul olunan dərmanlar insanda zəhərlənmə vermir”.
R.Bağırovun sözlərinə görə, dərmanların qəbulu zamanı insanda baş verən xoşagəlməz hallar dərmanın orqanizmə verdiyi reaksiya adlanır: “Elə adamlar var ki, immun sistemi zəif olduğu üçün dərman qəbul etdikdə müəyyən narahatlıqlar olur. Bəzi hallarda dərman zavoddan gələndə yaxşı təmizlənmir və xəstədə allergen, antigen olduğu üçün problem yaranır. Ancaq bu, zəhərlənmə deyil, dərman reaksiyası sayılır”.
Həkim vurğulayıb ki, dərmandan zəhərlənmə yalnız intihar hallarında baş verir: “Dərman zəhərlənməsi, əsasən, əsəb sistemi zəif olan adamlarda olur. Həyatda müəyyən problemlər yaşayır və həllini tapa bilmədiyi üçün çarəni özünü zəhərləməkdə tapır. Hansı evdə əsəb sistemi narahat olan uşaqlar varsa, mütləq valideyn tərəfindən nəzarətdə olmalıdır”.
Aytac Aslan
















