"Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur. Çünki Azərbaycanda milli valyutanın məzənnəsi neftin qiymətindən asılıdır. Qara qızılın da qiyməti sabitdir".
Bunu Bakıvaxtı.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.
O, qeyd edib ki, neftin qiyməti son bir ayda dünya bazarında artıbdır: "Odur ki, devalvasiya üçün makroiqtisadi əsaslar yoxdur. Ölkəyə kifayət qədər xarici valyuta gəlir. Belə olan halda xarici valyutanın bahalaşması üçün əsas yoxdur.
Əgər neftin qiyməti kəskin və uzunmüddətli düşərsə, o zaman manatın məzənnəsinə təhlükə ola bilər".
Ekspert bildirib ki, Azərbaycan hökuməti və Mərkəzi Bankı devalvasiyanın olmasında maraqlı deyil: "Çünki qiymət artımı var və inflyasiya artıb. Hökumət bu vasitə ilə də artan xərclərini bağlaya bilir. Eyni zamanda, qiymət artımı sosial problemlər yaradır, devalvasiya da olsa, bu kəskin sosial-iqtisadi problemlərə apara bilər, sosial narazılıq ola bilər. Odur ki, bu halı da nəzərə alıb devalvasiyaya getmiyəcək".
Ramid İbrahimov
















