• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dəyişkən hava bu xəstəlikləri ağırlaşdırır – XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Yanvar 2024 | 13:09 | Müəllif: Qalib İbrahimoğlu

Dəyişkən hava bu xəstəlikləri ağırlaşdırır – XƏBƏRDARLIQ

Son həftələrdə havanın dəyişkən keçməsi, təbii ki, orqanizmimizə bu və ya başqa dərəcədə təsir göstərir. Bu cür hava şəraiti orqanizmi sağlam olanlara neqativ təsir göstərmir, lakin müəyyən qrup şəxslər var ki, onlarda ciddi narahatlıqlar özünü büruzə verir.

Bəs dəyişkən hava şəraitində xəstələnməmək üçün nə edək?

Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişməsi, küləyin güclənməsi, atmosfer təzyiqinin aşağı, yaxud yuxarı olması, havada rütubətin artması bir çox insanın sağlamlığına mənfi təsir göstərir: “Bir qrup insan var ki, biz onları meteohəssas adlandırırıq. Bu insanlar hava şəraiti ilə əlaqədar səhhətlərində bir sıra dəyişikliklər hiss edirlər. Meteohəssas insanlara ürək-damar sistemində problem olanlar, xroniki xəstəlik, bronxial astma və nevrozdan əziyyət çəkənləri aid etmək olar. Hava tutqun olduqda onların əhval-ruhiyyəsi çox aşağı düşür. Günəş çıxan kimi isə ruh halları dəyişir, dərmansız situasiyadan çıxmış olurlar”.

Onun sözlərinə görə, meteohəssas insanlar iqlimdə, təbiətdə baş verən hadisələri başqa insanlara nisbətən daha tez hiss edirlər: “Məsələn, maqnit qasırğasından qabaq hiss etməyə başlayırlar. Arterial təzyiqi olanların təzyiqi qalxır, baş ağrısı yaranır, ürək döyüntüləri artır, təngənəfəslik baş verir. Tənəffüs yolları xəstəlikləri olanlarda bu daha qabarıq özünü göstərir”.

Terapevt qeyd edib ki, meteohəssas insanların daha ehtiyatlı olması ilə bağlı qabaqcadan proqnoz verilibsə, həmin insanların açıq havaya çıxmaması məsləhət görülür: “Havaya çıxırlarsa, dərmanları mütləq yanlarında olmalıdır. Meteohəssas insanlarda yaş qrupu o qədər də önəmli olmur. Uşaqlarda belə problem çox da hiss olunmur. Ancaq günəşə qarşı allergiyasi olan uşaqlarda problem yarana bilər. Bəzən meteohəssas insanlar psixoloji olaraq da özlərində əlamətlər yaradırlar. Neqativ düşündükdə problemlər də artır”.

Müsahibimiz qeyd edib ki, maqnit fırtınaları baş verdikdə xroniki xəstəliyi olan insanlarda infraktların, hipertonik krizlərin, hətta beyinə qan sızmaların sayında artış baş verir: “Biz bunu atmosfer havasında elektrik yükünün artması ilə əlaqələndiririk. Maqnit dalğalarının artması həssas insanlara təsir edir. İlk növbədə sağlam qidalanma, sağlam həyat tərzi, fiziki fəallıq, ürək fəaliyyətinin yaxşılaşması böyük rol oynayır”.

Könül Bənənyarskaya: Meteohəssasların ehtiyatlı olması ilə bağlı proqnoz verilibsə, onların açıq havaya çıxmaması məsləhətdir

Həkim bildirib ki, dəyişkən hava şəraitində diqqət yetirəcəyimiz amillərdən biri geyimimizdir. Dediyinə görə, mütləq mövsümə uyğun geyinməliyik: “Havaların kəskin surətdə istiləşib soyuqlaşması tez-tez xəstələnməyimizə gətirib çıxarır. İsti ikən qalın, soyuq ikən nazik geyinəndə xəstələnirik”.

Mütləq qidalanmamıza da diqqət etməliyik. Menyudan meyvə-tərəvəzi əskik etməməli, düzgün qidalanmalıyıq.

K.Bənənyarskaya vurğulayıb ki, yuxarı və aşağı tənəffüs yolları xəstəlikləri, xroniki bronxit, bronxial astma və allergik renitdən əziyyət çəkənlərin birinci edəcəyi şey siqaret çəkməkdən imtina etməkdir: “Mövsüm dəyişikləri zamanı qripin ağırlaşması müşahidə olunur. Xroniki xəstəlikdən əziyyət çəkənlər mövsümi hava dəyişikləri zamanı viruslara daha çox məruz qalırlar. İnsanlar mütləq gigiyenik qaydalara əməl etməli, çöldən gəldikdə isti su ilə əllərini sabunlamalıdırlar. Əl yumamış əşyalara toxunmaq məsləhət görülmür. İmmun sistemi zəif olan insanlar qorunmaq üçün qeyd edilənlərə diqqət etməlidirlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR