• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Doqquzuncuların buraxılış imtahanları BAŞA ÇATDI - YENİLƏNİB

CƏMİYYƏT

01 May 2022 | 14:42 | Müəllif: Qalib İbrahimoğlu

Doqquzuncuların buraxılış imtahanları BAŞA ÇATDI - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi mayın 1-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib. Xəbərə görə, imtahan Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, eləcə də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün keçirilib.

Çilov adasında yerləşən 131 nömrəli məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1883 nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

05:47

Bu gün Dövlət İmtahan Mərkəzi daha bir neçə şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, imtahanlar Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, eləcə də xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb) və tədrisi ingilis, fransız dillərində aparılan məktəblərin məzunları üçün  keçirəcək.

Bugünkü imtahanlarda 19 min 278 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Mayın 1-də keçiriləcək imtahanda maskadan istifadə tövsiyə olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026