“Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzü Tahirə Allahyarova bildirib.
Onun sözlərinə görə, respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymət artımı (65.7), işsizlik (57.1%), maddi təminat (38.5%), narkomaniya (35.4%), dərman vasitələrinin keyfiyyəti (26.4%), korrupsiya (25.4%) məsələlərini qeyd ediblər. Respondentlərin cəmi 4.3%-i onu narahat edən problemin olmadığını qeyd edib.
Dövlət başçısı tərəfindən aidiyyəti qurumlar qarşısında qaldırılan məsələlər, verilən tapşırıqlar ictimai gözləntiləri əks etdirir. Bu mənada vətəndaşların Prezidentdən əsas gözləntiləri kimi qeyd etdikləri məqamlar eyni zamanda aidiyyəti qurumların fəaliyyətindən irəli gələn məqamlar kimi şərh oluna bilər. Sorğu nəticələrinə əsasən yeni iş yerlərinin yaradılması (77.0%), məmur özbaşınalığının qarşısının alınması (68.5%), sosial rifahın daha da yaxşılaşdırılması (62.7%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yaxşılaşdırılması (57.5%), vətəndaşlarla daha sıx görüşlərin keçirilməsi (52.7%), təhsilə və elmə diqqətin artırılması (52.0%), korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi (49.1%), səhiyyə xidmətinin keyfiyyətinin artırılması (40.5%) Prezidentdən ictimai gözləntilər arasında ilk sıralarda qərarlaşıb. Sorğuda iştirak edənlərin 2.3%-i Prezidentdən heç bir gözləntisinin olmadığını qeyd edib.
"Sorğu çərçivəsində respondentlərdən cari ilin ikinci rübünü (may-avqust aylarını) ümumilikdə özü və ölkəmiz üçün necə dəyərləndirdiyi də soruşulub. Əldə olunan nəticələrə əsasən, 2022-ci ilin ikinci rübü (may-avqust ayları) vətəndaşlar (çox yaxşı 29,6%, əsasən yaxşı 47,2%) və ölkəmiz (çox yaxşı 40,0% və əsasən yaxşı 38,8%) üçün uğurlu olub. Bunun əksini fikirləşənlər vətəndaşlar üzrə ümumilikdə 23.0% (əsasən pis 11.9%, çox pis 11.1%), ölkə üzrə ümumilikdə 15.7% (əsasən pis 10.1%, çox pis 5.6%) olub. Respondentlərin 5.5.%-i bu suala cavab verməkdə çətinlik çəkib. Sorğuda respondentlərdən cari il ərzində gəlirlərinin hansı istiqamətdə dəyişdiyi də soruşulub. Sorğu iştirakçılarının 19.6%-i cari il ərzində gəlirlərinin artdığını, 43.7%-i gəlirlərini dəyişmədiyini, 35.6%-i isə azaldığnı bildirib. Respondentlərin cəmi 1.1%-i bu sula cavab verməkdən imtina edib”, - deyə Tahirə Allahyarova bildirib.
Ramid İbrahimov
















