Bu gün Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanda bank kreditlərinin faizlərinin yüksək olmasına etiraz edərək kreditlərin illik 5-6%-lə verilməsini təklif edib.
İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, deputatın verdiyi təklifin iqtisadi əsasları yoxdur.
"Milli Məclisin deputatlarının, hökumətin və Mərkəzi Bankın bankların kredit məhsuluna qiymət təyin etməsi üçün ixtiyarı yoxdur. Bu bazar iqtisadiyyatının şərtlərinə və qaydalarına uyğun deyil", -deyə X.Kərimli bildirib.
O qeyd edib ki, dövlət yalnız öz verdiyi kreditin satış qiymətini təyin etmək imkanı var: "Bankların öz resurslarına qiymət təyin edərkən cəlb etdiyi pulun qiymətini nəzərə alır. Kredit faizləri müəyyən edilərkən işçinin maaşı, bankın və filialların saxlanması xərcləri, bankın risk faktorları nəzərə alınır. Bank biznes strukturu olduğu üçün onun mənfəəti də olmalıdır. Mərkəzi Bank yüksək faizlə banklara kredit verirsə, manatla bağlı ciddi risklər mövcuddursa, biz banklardan ucuz kredit tələb edə bilmərik. Kapitalı bazarını inkişaf etdirməklə və ucuz kredit mənbəyi verməklə krediti ucuzlaşdırmaq olar".
Ramid İbrahimov
















