Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunan "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cinayət işinə xitam verilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, E. İsmayılovun barəsində cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsinə uyğun olaraq bəraətverici əsaslarla xitam verilib.
Onun barəsində cinayət işi Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham olunaraq “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Məlumata görə, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Bakı 




