İspaniyalı mütəxəssis Unai Emerinin mövsümün sonunda "Aston Villa"dan ayrılacağı ehtimal olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Football Insider” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 54 yaşlı baş məşqçi klubun maliyyə siyasətindən narazıdır. Bildirilir ki, Emerini xüsusilə transferlərə qoyulan məhdudiyyətlər qane etmir.
Qeyd olunur ki, "Aston Villa" son illərdə həm İngiltərə Premyer Liqasının, həm də UEFA-nın maliyyə qaydalarına əməl etməkdə çətinlik yaşayır. Fevral ayında yayılan xəbərlərə əsasən, klub ötən mövsüm əldə etdiyi gəlirə baxmayaraq yenidən UEFA tərəfindən cərimələnə bilər.
Bu isə komandanın heyətə xərclədiyi vəsaitlə bağlı qaydaların pozulması ilə əlaqələndirilir. UEFA qaydalarına görə, klublar maaşlar, transfer haqları və agent komissiyalarına gəlirlərinin maksimum 70 faizini xərcləyə bilər.
Xatırladaq ki, Unai Emeri 2022-ci ildə "Aston Villa"nın baş məşqçisi təyin olunub. Həmin vaxt komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Hazırda isə klub çempionatda 4-cü pillədə qərarlaşıb və gələn həftə Avropa Liqasının 1/8 final mərhələsində "Lill"lə qarşılaşacaq.
Bakı 




