“Azərbaycanda ənənəvi müxalifətin ciddi şəkildə format olunmasına ehtiyac var”.
Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov Milli Şuranın son günlər aksiya keçirmək cəhdinə münasibət bildirərkən deyib.
“Azərbaycan müxalifəti daim 3 tezisi irəli sürürdü: Qarabağın azadlığı, əhalinin sosial rifahı və demokratiya. İndi Qarabağ azaddır, sosial rifah və demokratiya istiqamətində ciddi addımlar atılır. Azərbaycanın Qarabağ zəfərindən sonra Azərbaycan müxalifəti əslində necə davranmalı idi , amma biz hansı davranışları müşahidə edirik” sualına cavab verən A.Kərimov qeyd edib ki, Azərbaycan müxalifətinin məhdudiyyətsiz və alternativsiz siyasətçi olmaq üçün ortaya qoyduqları vizyon elə də yaxşı bir təəssürat yaratmır:
“Birincisi obraz olaraq o səviyyədə deyillər, ikincisi onlar məğlubiyyətlərin simvollarıdır”.
Siyası şərhçi bildirib ki, Qarabağ zəfərindən sonra ənənəvi müxalifətin davranışları ən çox bir təşkilatın simasında bərbad göründü. O elə bilirdi ki, məharətlə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olan açıqlamalarını “hakimiyyətlə mübarizə” adı altında pərdələyə biləcək:
“Ancaq postmünaqişə dövründə radikallığı ilə öyünən müxalifətin onsuz da zədəli imici daha da məhv oldu, fasad söküldü. Onlar nə dedilərsə, əksi oldu, özü də Azərbaycanın suverenliyi və təhlükəsizliyi xeyrinə nəticələrlə. Bu, radikalların daha bir fiaskosu idi. Fiaskonu fiaskoya calayıb və az qala prosesdən qalib çıxdığını iddia etmək isə müxalifətin əlavə məğlubiyyətlərini gətirəcək. Bu dediklərimin məncə, hansı müxalifətə aid olduğunu duymaq elə çətin olmamalıdır”.
Aydın Baxış
















