Artıq yeni dərs ilinin başlanmasına təxminən 1 ay vaxt qalıb. Hazırda orta və ali məktəbdə oxuyan hər kəsi bir sual; dərslərin ənənəvi, yoxsa distant şəkildə keçiriləcəyi çox maraqlandırır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Bakıvaxtı.az-a bildirib ki, tələbələrin vaksinasiya olunması məcburi oldu: “Bu, o deməkdir ki, bütün tələbələr və universitet müəllimləri vaksinasiya olunsa Ali məktəblərdə təhsilin ənənəvi formada davam etdirilməsi mümkün olacaq. O ki qaldı orta məktəblərə, qeyd edim ki, məktəblilər risk qrupuna aid deyil. Ümumi və tam orta təhsil bazasında valideynlər, müəllimlər tam vaksinasiya olunsa, yoluxma azalsa əlbəttə ki, ənənəvi təhsil bərpa oluna bilər. Mən bir məqamı da qeyd edim ki, bütövlükdə biz bu məsələləri Təhsil Nazirliyi yanında İctimai Şurada dəfələrlə müzakirə etmişik”.

İlqar Orucov qeyd edib ki, Təhsil Nazirliyi də təhsilin ənənəvi formada davam etdirilməsində maraqlıdı: “Ümid edək ki, yoluxma azalacaq və insanlar dövlətin təmənnasız təşkil etdiyi vaksinasiyadan yararlanacaqlar. Xüsusilə orta məktəblərdə təhsilin ənənəvi şəkildə davam etdirilməsi olduqca vacibdir. Dövlətimiz məcbur qalaraq təhsili distant formada davam etdirirdi. Bu forma ümumilikdə təhsil ictimaiyyətinin marağında olmayan məsələdir. Amma nə etmək olar ki, insan sağlamlığı daha vacib faktordur. Mən ümid edirəm ki, yoluxma idarəolunan saya düşəcək və biz təhsili ənənəvi şəkildə davam etdirəcəyik”.
Nuranə Daxilqızı
















