Ermənistanda ötən il yeni qoşun növləri yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirilib. O qeyd edib ki, 2024-cü ildə xüsusi təyinatlı və ərazi müdafiə qoşunları yaradılıb.
Məhz bu addımdan sonra Ermənistanın müharibəyə hazırlaşdığına dair iddialar dolaşmaqdadır.
Siyasi şərhçi Rusif Məmmədsoy da Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın revanş istəyi şübhəsiz ki, var. Lakin bunun üçün əlində kifayət qədər resursu olmadığı üçün belə bir addım atmaq niyyətində deyil:
“Əgər bölgədə yeni bir savaş olacaqsa o zaman Ermənistanı sərhədə gətirəcəyi ABŞ sərhəd mühafizəsi də xilas edə bilməyəcək”.
Müsahibimizn sözlərinə görə, Azərbaycanın əsas istəyi nəhayət ki, bölgəyə qalıcı sülhü gətirməkdir. Bunun yolu isə həm də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz açılacağı təqdirdə Ermənistandakı revanş arzusunda olanlar istəsə belə təxribatçı addımlar atmağa çəkinəcək. İndiki mərhələyə nəzər yetirdikdə isə bəzi proseslər diqqətdən yayınmır.
R.Məmmədsoy qeyd edib ki, Ermənistan durmadan silahlanır:
“Öncə müdafiə, daha sonra isə həm də hücum xarakterli silahların Ermənistana verilməsi şübhəsiz, bizdə də suallar yaradır. Lakin cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan bizimlə rəqabət apara bilməz. Bunu deməyə silah arsenalı ilə yanaşı həm də insan resursu əsas verir”.
Rusif Məmmədsoy: Ermənistanı sərhədə gətirəcəyi ABŞ sərhəd mühafizəsi də xilas edə bilməyəcək
Analitik hesab edir ki, İrəvanda da bunu çox gözəl anlayırlar və belə bir addımın nə ilə nəticələnəcəyini təxmin edirlər:
“Daha dəqiq desək, Ermənistan revanş arzusuna düşərsə, bu və ya digər şəkildə təxribat xarakterli addımlar atarsa, sözün həqiqi mənasında Ermənistan adlı dövlətin gələcəyi böyük bir şübhə altına düşə bilər”.
Aydın Baxış