Xəbər verdiyimiz kimi, Ermənistan Təhülkəsizlik Şurasının iclası keçirilib. Baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan iştirak etdiyi toplantıda rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib. Maraqlıdır ki, yaxın günlərə qədər Ermənistan sülh müqaviləsindən qaçır, atəşkəsi pozurdu. İndi dərhal sülh sazişinin təklif edilməsində məqsəd nədir?
Politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, Ermənistanın tez-tələsik Azərbaycanla sülh danışıqlarına getmək istəməsinin bir neçə səbəbi var: “Birincisi, bilirsiniz ki, ABŞ Dövlət Departementi Rusiyaya yardım etdiyinə görə 5 dövlətə sanksiya tədbiq etmək qərarını açıqlayıb. O sırada Ermənistan da var. İkincisi, Azərbaycan Ordusunun qətiyyəti nəticəsində Ermənistan bu addımı atmağa məcbur qalıb”.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsi yerinə yetirilməyib, bu günə qədər pozulub. Artıq Azərbaycan həmin bəyannamənin 4-cü maddəsini özü icra etməyə başlayıb. Buna Azərbaycanın gücü də çatır.
Politoloq hesab edir ki, digər məsələ Ermənistan-Türkiyə münasibətlərindəki müəyyən istiləşmədir.
C.Nuriyev bildirib ki, Ermənistan tez-tez atəşkəsi pozmaqla Rusiyanı bu məsələlərə cəlb etmək istəyirdi: “Son günlər Rusiya Müdafiə Nazirliyinin verdiyi bəyanatlar Azərbaycan tərəfindən çox kəskin qarşılandı. Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin verdiyi bəyanat həmin bəyanatı puça çıxardı. Rusiya hesablamışdı ki, Ukraynadakı uğursuzluğunu bu bəyanatlarla bir növ sığortalasın. Yəni, Rusiyaya hesablanmış bir gediş idi. Bununla onlar həm ermənilərə deyirlər ki, biz sizi yaddan çıxarmamışıq, həm də Azərbaycana mesaj verirlər ki, biz hələ sağıq, ayaq üstəyik, yıxılmamışıq. Amma Azərbaycan Rusiyanın “iştah dişi”ni ən azından zərərsizləşdirməyə nail ola bilib. Azərbaycan Ordusu tutduğu mövqelərdən geri çəkilməyib”.
Müsahibimiz vurğulayıb ki, üçtərəfli bəyannaməni pozan Rusiya, əməl etməyən də Ermənistandır: “Yəni, bunların yenidən duet fəaliyyət göstərməsi üçün Azərbaycan onlara hər hansı hüquqi, iqtisadi, siyasi imkan vermədi. Ermənistan da vəziyyəti görür. Həm sanksiyalardan, həm də tam blokadaya düşməkdən qorxur. Eyni zamanda, öz xislətlərinə uyğun olaraq, Rusiya ilə yaratdığı mövqelərdən geri çəkilmək məcburiyyətində qalıb. Qərbə yaxınlaşmaq istəyir. Bütün bunların hamısı Ermənistanı tələsik Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur edib”.
Cümşüd Nuriyev bildirib ki, şərtlərimiz qəbul olunmasa, Azərbaycan tərəfi həmin sülh müqaviləsini imzalamayacaq.
Aytac Aslan
















