• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ermənistanla sərhəddə gərginlik: Sentyabrda ermənilər... - AÇIQLAMA

GÜNDƏM

21 Avqust 2023 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanla sərhəddə gərginlik: Sentyabrda ermənilər... - AÇIQLAMA

"Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur. Ən təəccüblüsü odur ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Ağdam, Füzuli və digər yaşayış məntəqələrimiz atəşə məruz qalır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, işğaldan azad edilmiş və bərpa-quruculuq işləri tamamlanmış Füzuli və başqa rayonlarımıza insanlarımız qayıdır: "Ermənistan vasitəsi ilə Azərbaycana güclü təzyiq göstərilir ki, məskunlaşma həyata keçirilməsin. Həmçinin, tərəflər arasında gərginlik, qarşıdurma artsın, toqquşmalar yaşansın və qan tökülsün. Məqsəd güclü təxribatlara nail olmaqdır. Rusiyadan qəti şəkildə tələb etməliyik ki, sülhməramlı kontingent üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Qeyri-qanuni silahlı quldur dəstələri nə qədər torpaqlarımızda qalmağa davam edəcəksə, həm hərbçilərimiz, həm də mülki şəxslər üçün real təhlükə olaraq qalacaq”.

Müsahibimiz hesab edir ki, bir müddət sonra Ermənistan tərəfi şərti sərhədlərə cəmlədiyi artilleriya ilə mülki sakinlərimizə atəş açacaq: “Sentyabr ayında hərbi toqquşma olacaq. Buna zərrə qədər şübhə etmirəm. Bu qədər silah-sursatın daşınması, təxribatların artması mütləq mənada qarşıdurmaya gətirib çıxaracaq. Ola bilsin, əsgərimizi, yaxud mülki vətəndaşımızı yaraladılar".

Ü.Cəfərovun sözlərinə görə, təxribatlara zəmin hazırlayan və erməniləri təhrik edən Rusiya sülhməramlı qüvvələridir: "Ukrayna ərazisində Ermənistanda istehsal edilən minalar peyda oldu. Görün, altdan-altdan işlərini necə görürlər. 2021-ci ildə Ermənistanda istehsal edilən minalar Azərbaycan ərazisində də aşkarlandı. Sadəcə bəyanat verdik, amma ardını gətirmədik. Rusiyadan soruşmadıq, necə olur ki, sizin 2020-ci ildən bəri nəzarət etdiyiniz yollarla 2021-ci ilin istehsalı olan silahlar daşınır. Ermənistan Rusiyanın və Fransanın əlində maşadır. Ona görə də təxribatlar qaçılmazdır”.

Üzeyir Cəfərov: Təxribatların artması mütləq mənada qarşıdurmaya gətirib çıxaracaq

Ü.Cəfərov vurğulayıb ki, Azərbaycan məcbur qalıb güc amilinə müraciət edəcək. Ekspertə görə. əgər Rusiya sülhməramlıları öhdəliklərinə əməl etsəydi, indiki problemlərlə üzləşməzdik.

Qeyd edək ki, avqustun 20-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 21-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu gün saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR