"Məlumdur ki, Azərbaycan lokal anti-terror tədbirlərinə başlayıb və bu tədbirlər uğurla davam etdirilir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Politoloq vurğulayıb ki, məhz separatçılara, yəni qanunsuz erməni silahlı birləşmələrinə məxsus hərbi təyinatlı vasitələr artıq zərərsizləşdirilir: “Mülki vətəndaşlar qəti şəkildə hədəf alınmır və bu tədbirlərin görülməsi demək olar ki, vaxtında icra olundu”.
Z.Qarayevanın sözlərinə görə, sözügedən tədbirlər qarşı tərəfin Azərbaycanı bu tədbirlərə vadar etməsi nəticəsində həyata keçirilib: "Məlum olduğu kimi, üçtərəfli bəyanatın imzalandığı gündən indiyədək Ermənistan tərəfi Rusiya ilə birlikdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər. Təxribatlar bu günə qədər davam etdi. Təxribatlar intensivləşdi və mina terroru qurbanlarının sayının artması artıq Azərbaycanın səbrini daşırdı".
Müsahibimiz bildirib ki, ən önəmlisi də üçtərəfli bəyanatın 4-cü bəndinin icra edilməməsi oldu. Yəni, rus sülhməramlı qüvvələrinin yerləşdirilməsinin paralel olaraq erməni silahlı birləşmələrinin bölgədən çıxarılması maddəsinin nə Rusiyanın vasitəçiliyi ilə, nə də Ermənistanın heç bir təşəbbüs göstərmədən həyata keçirilməməsi Azərbaycanı növbəti dəfə bu missiyanı öz çiyinlərinə götürməsinə gətirib çıxarıb: "Bu tədbirlərin tək məqsədi hərbi obyektlərin, qanunsuz erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsidir. Hətta bununla bağlı dəfələrlə onlara bundan öncə də xəbərdarlıq edilib. Onlara silahı yerə qoymaqları və təhlükəsiz şəraitdə bölgəni tərk edə bilmələri üçün şərait yaradılıb".

Züriyyə Qarayeva: Bugünkü tədbirlər Azərbaycanın öz suverenliyindən heç bir güzəşt etməyəcəyinin göstəricisidir.
Züriyyə Qarayevanın dediyinə görə, nə qədər ki, qarşı tərəf silahı yerə qoymayıb, bu tədbirlər davam edəcək: “Azərbaycanın sülh əli bu gundə davam edir. Hətta yenidən onlarla Yevlaxda görüşmək təklifi edilib. Bütün bunlar göstərir ki, Azərbaycan tərəfi öz haqlı maraqlarının ardınca gedir. Geriyə çəkilmirik. Və Ermənistamın təcavüzkar olmasına, güclü havadarlarına rəğmən Azərbaycan öz suveren haqlarının bərpa olunmasında hər zaman haqlıdır. Ali Baş Komandan İlham Əliyev də heç bir güzəştə getməyib. Suverenlikdən heç bir güzəşt ola bilməz. Bugünkü tədbirlər də Azərbaycanın öz suverenliyindən heç bir güzəşt etməyəcəyinin göstəricisidir".
Xəyalə Rza
















