"Təəssüflər olsun ki, Ermənistanla bağlı danışarkən İrəvanın müstəqil mövqeyindən söz aça bilmirik".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, bir müddət öncə Almaniyada, Münhendə cənab Prezidentlə görüşən və təmasları davam etdirmək razılığına gələn Paşinyan bir gün sonra Fransada tamamilə başqa fikirləri gündəmə gətirir:
"Ermənistan müstəqil olmayan və kənar güclərin əlində oyuncağa çevrilmiş bir qurum, təşkilatdır. Lakin bunların önəmi yoxdur. Çünki əsas məsələ Prezidentin Xocalıda səsləndirdiyi fikirlərdir. Dövlət başçısı Xocalıda çıxışı zamanı vurğuladı ki, istəsələr də, istəməsələr də Azərbaycanın bütün tələblərini Ermənistan yerinə yetirəcək. Elə Fransa da buna, bu qətiyyətli mövqeyə qarşı çıxır. Söhbət artıq heç Ermənistandan da getmir. Avropa qurumları, Fransa bizim mövqeyimizə qarşı mübarizə aparır. Fransa regiona soxulmaq istəyir. Məqsəd bölgədə çaxnaşma yaratmaqdır. Azərbaycan buna qarşı mübarizə aparır və aparacaq. Əminəm ki, biz qalib gələcəyik".
Ayyət Əhməd
















