2025-ci ilin beynəlxalq münasibətlər gündəmini formalaşdıran əsas hadisələrdən biri Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoymasıdır.
Uzun illərdir davam edən gərginlik və hərbi toqquşmalardan sonra tərəflərin Vaşinqtonda bir araya gələrək memorandum imzalamağa hazırlaşmaları regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə də sənədin ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanacağı barədə yayılan məlumatlar bu prosesə təkcə diplomatik yox, həm də qlobal güclər müstəvisində strateji məna qazandırır.
Mərkəzi fiqurların dəyişməsi, Rusiya ilə münasibətlərin soyuması və Qərbin təşəbbüslərinin artması fonunda baş verən bu diplomatik aktivlik həm region ölkələrinin, həm də beynəlxalq oyunçuların maraqlarını çarpazlaşdırır.
Bəs bu memorandum Cənubi Qafqazda hansı geosiyasi dəyişikliklərin xəbərçisidir və əsas regional və qlobal oyunçular bu prosesdə necə mövqe tuturlar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov xatırladıb ki, sülh sazişinin hazırlanmasının ilk addımları məhz ABŞ-də atılmışdı. Onun sözlərinə görə, Vaşinqtonda sənədin ilkin variantı hazırlanmış, daha sonra Amerika bu prosesə rəsmi şəkildə qoşulmuşdu:
"Rusiya isə təşəbbüsü əldən verməmək üçün paralel olaraq sülh müzakirələri təşkil etdi. Lakin yekun nəticədə həm Rusiya, həm də ABŞ bu prosesin kənarında qaldılar. Hazırda həm Azərbaycanın, həm də Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər soyuqdur. Rusiya bu münasibətlərin daha da pisləşməsi üçün əlindən gələni edir".
Şərhçi diqqətə çatdırıb ki, memorandumun ABŞdövlət başçısı Donald Trampın iştirakı ilə Ağ Evdə imzalanması, Rusiya prezidenti Vladimir Putinin nüfuzuna ciddi zərbə olacaq. Bu, eyni zamanda Azərbaycanın və Ermənistanın Rusiyadan uzaqlaşma xəttini seçdiyini açıq şəkildə göstərəcək:
"Nəticə etibarilə, regionda ABŞ-nin və Türkiyənin nüfuzu bir qədər də artacaq.Ölkəmizin də beynəlxalq nüfuzu daha da yüksələcək. ABŞ üçün Azərbaycanın dövlət müstəqilliyini qorumaq əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək".
Abutalıb Səmədov: ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində də daha fəal iştirak etməyə çalışacaq
Onun sözlərinə görə, heç kimə sirr deyil ki, Rusiya Ukrayna müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı dəyişən geosiyasi reallıqları qəbul etməyə məcbur qalacaq:
"Memorandumun imzalanmasından sonra ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində də daha fəal iştirak etməyə çalışacaq. Bu isə həm Azərbaycanın, həm Ermənistanın, həm də Türkiyənin maraqlarına cavab verir".
Əli Hüseynov