Son illərdə bir neçə dövlət qurumu daha işlək və funksional, konkret vəzifələri, xüsusilə də kütləvi tələbat olan, populyar xidmətlərə yönəlik mobil tətbiqlər hazırlaya biliblər.
Bakıvaxtı.az xəbər verir ki, ilkin hesablamalara görə, Azərbaycanda dövlət qurumlarına aid xidmətlərin 30-a yaxın mobil tətbiqi var.
Bəs, hansı mobil tətbiqlərə ehtiyac var? Mobil hökumət quruculuğu hansı səviyyədədir?
İKT üzrə ekspert Osman Gündüz bildirib ki, ehtiyac və tələbatın olmasına baxmayaraq, hələ də bəzi mobil tətbiqlər mövcud deyil: “Elə sahələr var ki, orada vətəndaşların daha rahat və effektiv istifadəsi üçün mobil tətbiqlərə ehtiyac var. Lakin təəssüf ki, rəqəmsal inkişaf sahəsində uzun illər keçməsinə baxmayaraq ehtiyac olan bəzi sahələrdə bu tip mobil resurslar hazırlanmayıb”.
Ekspertin sözlərinə görə, araşdırmalar göstərir ki, hazırda ictimai-faydalılıq və kütləvilik baxımından daha ciddi ehtiyac olan, hazırlanmalı olan mobil tətbiqlər var: “Daxili İşlər Nazirliyi “102 xidməti” mobil tətbiqi, Fövqəladə Hallar Nazirliyi “112 xidməti” mobil tətbiqi, Dövlət Vergi Xidmətii “Mobil Vergilər”, MİDA “Mobil MİDA” və Səhiyyə Nazirliyi “113 Təcili yardım” mobil tətbiqi hazırlamalıdır.
“Azərbaycan Dəmir Yolları” QSC və Beynəlxalq Avtovağzalı da bilet satışı üzrə mobil tətbiqləri hazırlaması faydalı və doğru olardı.
Mobil versiya daha operativ reaksiya, məlumatın qəbulu və emalı üçün, məlumatın multimedia formada ötürülməsi üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur”.
Ramid İbrahimov
















