"Gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və inzibati xatalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların satışından əldə edilən vəsaitlərlə bağlı bu dəyişiklik narahatlıqlar yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, söhbət bu orqandan getmir, biz tez-tez belə dəyişikliklər edirik və hər dəfə də narahatlıqlarımızı deyirik: “Bu yanaşmanı şəffaf hesab etmirəm. Təbii ki, mən gömrük işçilərinin daha yüksək maaş almasının, sosial vəziyyətlərinin indikindən də bir neçə dəfə daha yaxşı olmasını istərdim. Etirazım ümumi yanaşmayadır. Belə yanaşmalar qeyri-dürüstlüyə, tamaha, müsadirə edilən malın qiymətinin beyinlərdə vurulub-çıxmasına və qiymətinin hesablanmasına gətirib çıxarır”.
“Deyək ki, biri mal gətirir, bir gömrük işçisi də, rəisi də qərar verir ki, bu qanunsuzdur və müsadirə edilməlidir. Iş gedir məhkəməyə, məhkəmə də deyir ki, sahibkar, yaxud da vətəndaş haqlıdır. O zaman bir dəyişiklik də edək ki, vətəndaşın çəkdiyi əzab-əziyyətin, ziyanın və qazancdan məhrum edilən hissəsinin də ona qaytarılması aidiyyatı qurumun büdcəsindən ödənilir. Bu kiminsə xoşuna gələcək? Təbii ki, yox. Bütün vəsaitlər dövlətin büdcəsinə getsin və artımlar dövlət büdcəci ilə tənzimlənsin. Dəyişikliyi bu şəkildə dəstəkləmək çətindir”, - deyə Razi Nurullayev qeyd edib.
Nuranə Daxilqızı












png-1671293995.webp)



