Hərbçi olmadığı halda vətəndaşların hərbi geyim daşıması hallarına tez-tez rast gəlirik. Qanun buna nə deyir?
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Bakıvaxtı.az-a bildirib ki, hərbi xidmətdə olmayan insanlar forma geyinə bilməzlər: “Hərbi formanın daşıması haqqında qanun var. Hərbi xidmətdə olmayan şəxslər yalnız o vaxt mundir geyinə bilər ki, ordudan tərxis edilərkən ona bu barədə icazə verilsin və həmin icazə hərbi biletdə öz əksini tapsın. Yerdə qalan şəxslərin hərbi mundir daşımaq hüququ yoxdur”.
R. Kərimoğlu özəl günlər və bayramlarda şəhərdə hərbi formada gəzən qazilərimizdən də söz açıb. Onun sözlərinə görə, qazilərə Zəfər bayramımız da daxil olmaqla, bu kimi bayramlarda hərbi mundir geyinmək icazəsi verilməlidir: “Bizdə başqa məqam da var. Hərbi mundir geyinən qazilərimizlə bağlı deyə bilərəm ki, bu barədə qanun yoxdur. Yəni, məsələn, bayram günlərində qazilərimizə hərbi mundir daşımağa icazə verilməlidir. Biz Zəfər bayramında bizə o zəfəri yaşatmış qazimizə necə deyək ki, hərbi forma geyinmə?! Olarmı? Olmaz. Düşünürəm ki, bu, qanuna salınmalıdır, Qarabağ qazilərinə müəyyən vaxtlarda hərbi mundir geyinilməyinə icazə verilməlidir”.
Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Nuranə Daxilqızı
















