“Xərçəng xəstəliyim ilə bağlı 10 aydan çox sürən müalicə prosesinin demək olar ki sonuna yaxınlaşırıq. Necə keçdi bu müddət? Asan olmadı. Kimya terapiya və onun xarici görünüşdə yaratdığı fəsadlar, 6 saat sürən çətin əməliyyat, hazırda davam edən şüa terapiyası...”
Bakıvaxtı.az xəbər verir ki. bunu tanınmış jurnalist Səbinə Əvəzqızı “facebook”da paylaşıb.
Həmkarımız bu çətinlikləri onun və ailəsi üçün asanlaşdıran, müsbət nəticələrə çatmaq imkanı yaradan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse prezident Mehriban Əliyevaya xüsusi təşəkkür edib: “Çox səmimi sözlərimdi, mən bu diqqətdən yerdən-göyə kimi məmnunam. Bu son 10 ayda Türkiyədə aldığım müalicəm üçün nə lazımdırsa, nə mümkündürsə hamısı edilir. Özü də yüksək nəzakət və diqqətlə. Heydər Əliyev Fondunun bu istiqamətdə qurduğu iş və seçdiyi mütəxəssislər sözün əsl mənasında alqışlanmalıdır. Onlar yalnız üzərilərinə düşən vəzifəni texniki olaraq yerinə yetirmirlər. İnsanın ən böyük dostu kimi davranırlar. Adi bir nümunə deyim, ağır əməliyyatdan sonra palatada ağrılara tab gətirməyə çalışarkən, Fondun nümayəndəsi tərəfindən otağa göndərilən bir dəstə gül və içərisində yazılan ümid dolu bir mesaj anındaca bütün çətinlikləri silib apardı. Evdən çox uzaqda bu cür jestin nə olduğunu mən o zaman anladım”.
Onun sözlərinə görə, Dövlətinin və Prezidentinin dəstəyi ilə belə bir münasibət insanı çox kövrəldir və o qədər də güvən verir: “Türkiyədə müalicə üçün bu qədər vəsait tələb edən prosesə mənim və ailəmin maddi gücü çatmazdı. Var olun Cənab Prezident!”
S.Əvəzqızı bildirib ki, bu müddətdə ona ən çox dəstək olanlardan biri də APA Group və onun rəhbərliyidir: “Müalicə ilə əlaqədar günlərlə işə gələ bilmədiyim vaxtlar oldu. Bircə dəfə də olsun “işə nə vaxt başlayırsan” deyə soruşan olmadı məndən. Əvəzində “təki sən yaxşı ol”, “sənin üçün nə edə bilərik” deyə soruşdular. Müalicə aldığım bu uzun müddətdə bir gün olmadı ki, APA GROUP-un hansısa əməkdaşı prosesi izləməsin. Özüm ölkədə olmadığım hallarda belə maaşım ailə üzvlərimə çatdırıldı. İnanın ki, müalicənin uğurla davam etməsinin səbəbi bu sevgidir”.
“Bir daha cənab Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban Əliyevaya, hər gün yanımda olan əziz kollektivimə və prosesi daima diqqətdə saxlayan media ictimaiyyətinə minnətdaram. Sizin sevginiz xərçəngdən çox güclüdür...”, - deyə Səbinə Əvəzqızı yazıb.
Nuranə Daxilqızı
















