Xəbər verdiyimiz kimi, Həsən Kür dünən gecə vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxın dostu, yazar və jurnalist Nadir Yalçın şəxsi "Facebook" hesabında geniş açıqlama yayıb.
Nadir Yalçının sözlərinə görə, Həsən Kür bir neçə ay öncə intiharından sonra ciddi travmalar almışdı və uzun müddət Sabunçu xəstəxanasında müalicə olunmuşdu. Martın 20-də sol ayağından əməliyyat edilən yazıçının vəziyyəti getdikcə yaxşılaşırdı:
“Aprelin 25-i – Həsən xəstəxanadan evə buraxılandan sonra müalicəsi ev şəraitində davam etdirilirdi. Hər şey qaydasında gedirdi, vəziyyəti günü-gündən yaxşılaşırdı. Anası deyirdi ki, Həsən yaxşılaşır, qələmi də əlindədi, yazır…”
Nadir Yalçın qeyd edir ki, iyunun 29-da vəziyyət qəfildən dəyişib, Həsəndə şiddətli baş ağrıları və burun qanamaları başlayıb. Müayinələr zamanı yazıçının beynində travmadan sonra yaranmış nadir və təhlükəli bir anevrizma aşkarlanıb. Həkimlərin sözlərinə görə, damar beynin müdaxilə mümkün olmayan hissəsində yerləşdiyindən, hər hansı fiziki gərginlik ölümcül nəticələrə səbəb ola bilərdi.
"Leyla Mərcan xanımın və Sait Mərcan doktorun dəstəyi ilə Bakıda kontraslı MRT və KT müayinələri aparıldı. Nəticələr göstərdi ki, Həsənin beynində çox nadir rast gəlinən qanamış travmatik anevrizma var. Leyla xanım dedi ki, vəziyyət kritikdir. Azərbaycanda bu əməliyyat mümkün deyil".
Nadir Yalçın bildirib ki, Həsənin xaricdə əməliyyat olunması üçün Heydər Əliyev Fonduna müraciət hazırlanırdı:
“İyulun 6-sı bəzi dairələrlə danışıb Fondla əlaqə yaratmaq istəyirdim. Elə dünən axşam müraciət məktubunu yazmağa başlamışdım ki, telefona zəng gəldi – Həsən rəhmətə gedib. Əlimizdən heç nə gəlmədi… Heç nə…”
Əli Hüseynov