• Bakı 24° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Sən izlədiyini düşünürsən, bəs səni kim izləyir?: Rəqəmsal izlər və real risklər

CƏMİYYƏT

08 Iyul 2025 | 12:07

Sən izlədiyini düşünürsən, bəs səni kim izləyir?: Rəqəmsal izlər və real risklər

Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatımızın demək olar ki, bütün sahələrinə nüfuz edib. İnternetə çıxış, sosial şəbəkələr, mobil tətbiqlər və ağıllı cihazlar həyatımızı rahatlaşdırmaqla yanaşı, fərdi məlumatlarımızı da daha əlçatan və eyni zamanda daha həssas hala gətirib. Artıq şəxsi məlumat anlayışı yalnız ad, soyad, doğum tarixi kimi məlumatlarla məhdudlaşmır. İnsanın onlayn davranışları, maraqları, cihaz istifadəsi və hətta psixoloji xüsusiyyətləri də toplanaraq təhlil edilir və istifadə olunur.

Texnoloji tərəqqi fərdi məlumatların qorunması və kibertəhlükəsizlik məsələlərini həm fərdi, həm də ictimai səviyyədə ciddi çağırışa çevirib. Bu kontekstdə İT mütəxəssisləri daha çox texnoloji və fərdi davranış aspektlərinə diqqət çəkir, hüquqşünaslar isə məsələnin hüquqi çərçivəsini və dövlətin məsuliyyətini ön plana çıxarırlar. Azərbaycanda bu sahədə atılan addımlar olsa da, həm texnoloji savadlılıq, həm də qanunvericilik müasir çağırışlara tam cavab verəcək şəkildə inkişaf etməlidir.

Bəs fərdi məlumatların effektiv qorunması üçün daha çox hansı amil önəmlidir: fərdi texnoloji savadlılıq, yoxsa gücləndirilmiş hüquqi-nəzarət mexanizmləri?

Məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən İT mütəxəssisi Murad Mikayılzadə bildirib ki, bugünkü rəqəmsal dünyada şəxsi məlumat anlayışı artıq ənənəvi sərhədləri aşıb. Sadəcə ad, soyad, doğum tarixi kimi bilgilər deyil, həm də insanın onlayn davranışları, maraq dairəsi, internetdəki fəaliyyəti və psixoloji xüsusiyyətləri belə izlənilə və təhlil edilə bilir. Bu isə fərdi məlumatların qorunmasını təkcə hüquqi deyil, eyni zamanda texnoloji və etik məsələ halına gətirir.

Həmsöhbətimizin fikrincə, şəxsi məlumatlara qarşı əsas təhdidlər yalnız böyük haker hücumlarından qaynaqlanmır. Gündəlik vərdişlər və texnoloji savadsızlıq da bu təhlükələri artıran amillərdir:

“İnsanlar çox zaman zəif şifrələrdən – ‘123456’, ‘qwerty’ kimi – istifadə edir, şəxsi məlumatlarını sosial şəbəkələrdə heç bir məhdudiyyət olmadan paylaşırlar. Açıq Wi-Fi şəbəkələrinə düşünmədən qoşulmaq və tətbiqlərə lüzumsuz icazələr vermək kimi davranışlar təhlükəni birbaşa artırır".

O qeyd edib ki, süni intellekt və böyük məlumat analitikası vasitəsilə bu məlumatlar toplanır və istifadəçinin davranışları proqnozlaşdırıla, hətta yönləndirilə bilər. Bu isə fərdi azadlıqlar baxımından ciddi risklər yaradır:

“Hətta hava proqnozu tətbiqi belə, GPS icazəsi vasitəsilə yerləşdiyiniz yeri qeyd edib üçüncü tərəflərə sata bilər. Artıq bu texnologiyanın sadəcə istifadəsi deyil, necə və niyə istifadə olunduğu da sosial məsuliyyət məsələsinə çevrilib".

Murad Mikayılzadə, İT mütəxəssisi

İT mütəxəssisi fərdi səviyyədə atılacaq addımların önəmini də vurğulayıb:

“Güclü və unikal şifrələrdən istifadə etmək, iki faktorlu identifikasiya tətbiq etmək, tətbiqlərin icazələrini mütəmadi yoxlamaq və şübhəli linklərə klik etmədən öncə mənbəni araşdırmaq — bütün bunlar fərdi təhlükəsizliyi artırır. Bundan əlavə, VPN və şifrələnmiş mesajlaşma tətbiqləri ilə məlumat axınını qorumaq bu dövrdə artıq lüks deyil, zərurətdir".

Murad Mikayılzadəyə görə, texnologiyanın özü problem deyil, problem onun məsuliyyətsiz istifadəsindədir. Ona görə də həm fərdlər, həm də texnoloji şirkətlər məsuliyyətli davranmalı, dövlət isə bu sahədə şəffaf və real seçim imkanı yaradan hüquqi çərçivəni təmin etməlidir:

“Texnologiyaya güvənməliyik, amma onu kor-koranə yox, anlayaraq və məsuliyyətlə istifadə etməliyik. Kibertəhlükəsizlik mədəniyyəti təkcə texniki deyil, eyni zamanda sosial və etik yanaşma tələb edir".

Mövzunu hüquqi prizmadan dəyərləndirən hüquqşünas İnqilab Hüseynzadənin Bakıvaxtı.az-a verdiyi açıqlamada qeyd olunur ki, Azərbaycanda fərdi məlumatların qorunması məsələləri 2010-cu ildə qəbul olunmuş ‘Fərdi məlumatlar haqqında’ Qanunla tənzimlənir. Hərçənd ki, bu qanuna sonradan bir sıra dəyişikliklər edilib, amma texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə 15 il əvvəl formalaşan hüquqi çərçivənin yetərli olmaması qaçınılmazdır.

Hüquqşünasın fikrincə, texnologiyanın inkişafı hüquqi mexanizmlərin də çevik şəkildə yenilənməsini tələb edir:

“Süni intellekt, kütləvi məlumat analitikası və digər yeni texnologiyalar fərdi məlumatlara yeni risklər yaradır. Qanunvericilik bu dəyişikliklərlə ayaqlaşmalıdır ki, vətəndaşın hüquqları real şəkildə qorunsun".

O, beynəlxalq təcrübəyə əsaslanaraq bildirir ki, fərdi məlumatların qorunmasında əsas yük təkcə dövlətin deyil, məlumat toplayan özəl sektorun da üzərinə düşür:

“Dünya təcrübəsində fərdi məlumatlarla işləyən şirkətlərin hüquqi məsuliyyəti dəqiq müəyyənləşdirilir. Bəzi hallarda bu, ciddi cərimələrlə və hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər. Azərbaycanda da bu yanaşma mərhələli şəkildə tətbiq olunmalıdır".

İnqilab Hüseynzadə, hüquqşünas

İnqilab Hüseynzadə dövlətin bu sahədə atdığı pozitiv addımlara da toxunaraq qeyd edib ki, 2023–2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasında qabaqcıl təcrübələrin tətbiqi nəzərdə tutulur. Bu, müsbət addımdır və real icra ilə müşayiət olunarsa, fərdi məlumatların qorunmasına ciddi töhfə verə bilər. Lakin o, vətəndaş məlumatlarının hazırda beynəlxalq texnoloji şirkətlər tərəfindən ölkə xaricində saxlanılmasını hüquqi və təhlükəsizlik baxımından narahatedici hal kimi qiymətləndirir:

“Facebook", "Google" kimi şirkətlər Azərbaycan vətəndaşlarının məlumatlarını xarici serverlərdə saxlayır. Bu isə yalnız məxfilik deyil, milli təhlükəsizlik məsələsidir. Türkiyə kimi ölkələr bu şirkətləri öz ərazisində məlumat mərkəzi açmağa məcbur edib, biz də bu istiqamətdə düşünməliyik".

Həmsöhbətimizin fikrincə, bu problemin həlli üçün həm normativ baza, həm də texnoloji infrastruktur paralel şəkildə inkişaf etdirilməlidir:

“Texnologiyanın inkişaf tempinə uyğun olaraq hüquqi yanaşmalar da çevik və qabaqlayıcı olmalıdır. Əks halda, fərdi məlumatlar nə dövlət nəzarətində, nə də şəxsi təhlükəsizlik səviyyəsində effektiv şəkildə qoruna bilməz".

Əli Hüseynov


SON XƏBƏRLƏR