Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində kanalda batan Nihad Nağızadədən artıq 11 gündür xəbər yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, yeniyetmənin atası Vüqar Nağıyev sosial şəbəkədə videomüraciət yayıb.
“Rayon İcra Hakimiyyəti bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdi. Qurum texnikaları ilə əraziyə gəlib axtarış etdi, lakin fayda yoxdur. Çünki digər qurumlar adekvat tədbir görmür. Belə böyük ərazidə axtarış etmək çətindir, kanalın 6 metr dərinliyi var. Bunker deyilən ərazidəki yeraltı tunel vasitəsilə su keçir. Ehtimallarımız oğlumun məhz həmin tuneldə ilişib qalmasıdır.
Xahiş edirəm, bu barədə bizə kömək göstərilsin. Xüsusilə Su Meliorasiya İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, bizə suyun qurudulmasında kömək edin. Bu faciə mənim başıma gəlib, ancaq sabah başqası da bu halla üzləşə bilər”, - deyə o bildirib.