Elm və təhsil naziri Emin Əmrullayev III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, proqram iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərə real iş mühitində elm və təhsil sahəsindəki proseslərlə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq imkanı yaratdığını və bu təşəbbüsün peşəkarların formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Emin Əmrullayev proqramın bu il ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə ediyini və “Maarifçi” təşəbbüsünün coğrafiyasının genişlənməsinin daha çox gəncin bu imkandan faydalanmasına şərait yaratdığını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən iştirakçılar yaradılan imkanlara görə təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafına verəcəyi töhfəni yüksək qiymətləndiriblər. Görüş zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.