Xəbər verdiyimiz kimi, dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib.
Bakıvaxtı.az xatırladır ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
İdman zallarına yol tapan belə hadisələrin qarçşısını necə almaq olar? İdmaçıların psixoloji durumu yoxlanılırmı? Ümumiyyətlə, zallarda təhlükəsizlik qaydaları necə təşkil olunmalıdır?

Günay Kərimi: İdmançılar həm yarışdan əvvəl, həm də yarışdan sonra mütləq şəkildə psixoloqlarla çalışmalıdırlar
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, bu xəbər hər bir oxucu kimi ona da pis təsir bağışlayıb: “Kaş ki belə hadisələr heç yaşanmasa. İdmançılar həm yarışdan əvvəl, həm də yarışdan sonra mütləq şəkildə psixoloqlarla çalışmalıdırlar. Xüsusən də, yarış zamanı əsəbi, gərgin, qəzəbli olmamaları, daim sağlam təfəkkürə sahib olmaları üçün hər zaman psixoloq nəzarətində olmalıdırlar”.
Onun sözlərinə görə, psixoloji sağlam olmayan idmançı idmanda qalib gələ, özünü idarə edə bilməz. Buna görə, fiziki sağlamlıq qədər psixoloji sağlamlıq da çox vacibdir.

Anar Süleymanlı: Problemlər valideynlərin uşaqlarının tərbiyəsi ilə normal məşğul ola bilməməsindən irəli gəlir
Dünya və Avropa çempionu, idman eksperti Anar Süleymanlının Bakıvaxtı.az-a dediyinə görə, bu problemlər ilk növbədə ondan qaynaqlanır ki, valideynlərin uşaqlarının tərbiyəsi ilə vaxtlı vaxtında məşğul ola bilməməsidir: “Qətlə yetirən şəxsin valideynin də məşqçi olduğunu nəzərə alsaq, bu neqativ bir haldır”.
Onun sözlərinə görə, tarix boyu hər zaman gənclər arasında belə səbəbsiz qətllər baş verib: “Amma ictimai idman xadimi olaraq deyə bilərəm ki, neqativ halların qarşısını almaq üçün federasiyalarda mütəmadi olaraq, idmançıların davranış qaydaları barədə maarifləndirici seminarlar təşkil olunmalıdır. Nəzərə alaq ki, həmin gəncin 20 yaşı var və təhsil alır. Tərbiyəsiz uşaq təhsilyönümlü gənc sayılmır. Əgər təhsilyönümlüdürsə, könüllülərə göndərilə bilər”.
Müsahibimiz qeyd edib ki, bu tərəfdən, federasiyalarda mütəmadi ictimai seminarlar aparılmalıdır: “Biz bu səpkidə bir ictimai birlik yaratmağa çalışırıq və mütəmadi olaraq maarifləndirici seminarlar keçirəcəyik. Hazırda bu problemlırin aradan qaldırılması yönündə nazirliyə təklif planlarımızı vermişik, onlar bu təklifi dəyərləndirməyə çalışırlar”.
A.Süleymanlı qeyd edib ki, burada əsas problemin həllinə fokslanmaq lazımdır: “Çünki belə hadisələr həmişə baş verəcək. Problemin həllinə, kökünə baxanda görürük ki, həqiqətən gəncləri maarifləndirmək lazımdır. İdman zallarında təhlükəsizlik məsələsinə gəldikdə isə bu ani bir məqamdır. Fərdi yanaşsaq, bir az yaxındakı insanların da günahı var ki, müdaxilə etməyiblər. Balaca uşaqlardı da onlara müdaxilə etmək daha asandır”.

Rəşad Yaqubov: Məşqçilər idman zalında uşaqlarla 15-20 dəqiqə psixoloji söhbət aparılmalıdır
“Rövşən Veysəlov klubu”nun MMA döyüş növü üzrə baş məşqçi Rəşad Yaqubov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, burada əsas problem valideynlərin uşaqlara nəzarət etməməsidir: “İdman zallarının təhlükəsizliyi normal şəkildə qorunur. Düzdür, idman komplekslərində yarış gedən anda polis olmalıdır. İdman zalında isə polisə bir o qədər ehtiyac yoxdur, çünki məşqçi ona nəzarət edir”.
Onun sözlərinə görə, məşqçilər idman zalında uşaqlarla 15-20 dəqiqə psixoloji söhbət aparılmalıdır: “Burada ən çox məşqçilərə irad tutulur, amma məşqçi yarışa gedəndə bir uşaq yox, bir neçə uşaq aparır. Ola bilər ki, məşqçi həmin an digər uşağa nəzarət edirdi və ya sənəd işləri ilə məşğul idi. Mənim fikrimcə, burada ən əsas məsuliyyət valideynin üzərinə düşür. Bu bıçaqlar hər yerdə satılır, qarşısını almaq mümkün deyil. Valideynlər o bıçağın mahiyyətini, istifadə edildikdə uşağı nələrin gözlədiyini izah etməli, uşağın cibini yoxlamalıdır. Valideyndən sonra müəllim, məşqçi izah etməlidir. Vuran da, vurulan da Azərbaycan vətəndaşıdır, hər ikisi üçün çox üzülürəm”.
Aytac Aslan





jpg-1671887142jpg-1672206581.webp)










