• Bakı 15° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

II Türk İnteqrasiya Olimpiadası möhtəşəm türklük bayramı kimi yaddaşlara yazıldı - FOTOLAR

CƏMİYYƏT

04 May 2025 | 22:00

II Türk İnteqrasiya Olimpiadası möhtəşəm türklük bayramı kimi yaddaşlara yazıldı - FOTOLAR

Mayın 3-də Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib. 

Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.

Ş.Sadiq, həmçinin “Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Biz də fəaliyyətimizi o istiqamətdə qurmuşuq”.

Ş.Sadiq çıxışında vurğulayıb ki, TİO 10 ildən çoxdur, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb: “Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir. 300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:
- türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.  
Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.

İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda8 ölkədən 100-dən çox şagird iştirak edir”.
Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir. 

Mərasimdə də bəyan edildiyi kimi, II Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb. Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif ediləcək. Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edəcək. 

Onu da qeyd edək ki, Mükafatlandırma mərasimi Bakı şəhərində “Grand Neon” restoranında baş tutub. Qaliblərə medallar və sertifikatlar və qiymətli hədiyyələr  təqdim olunub. İştirakçılar içərisində «Yaxşıların yaxşısı» nominasiyasının qalibi şagird «Qızıl alma» mükafatına layiq görülüb. 

Onu da qeyd edək ki, layihəyə dəstək verən qurumlarddan biri -“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) bu ildən etibarən həm də Türk İnteqrasiya Olimpiadası üçün “Akıllı Bala” özəl ödülü təsis edilib. CASCFEN-in qərarına əsasən bu il ödül Şimali Kiprdən Olimpiadanın finalında iştirak hüququ əldə edən məktəbliyə verilib.

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.

Layihəyə dəstək verən qurumlar SinKod, Faiqoğlu MMC, MUSİAD Azərbaycan, Nəsibə Aydın Məktəbləri, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN), Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, ELTA, Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, E12, HiLanguages və Hədəf Globaldır. TİO Təşkilat Komitəsinin qərarına əsasən III Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.


SON XƏBƏRLƏR

04 May 2025