• Bakı 26° C

    10.16 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsindəki mesajların strateji yönləri

SİYASƏT

28 Avqust 2025 | 10:23

İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsindəki mesajların strateji yönləri

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsində səsləndirdiyi fikirlər Cənubi Qafqazda mövcud güc balansını və xüsusən də Ermənistan faktorunu ön plana çıxarır. Onun “Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur” ifadəsi Azərbaycanın müstəqillik və suverenlik prinsipini qoruduğunu göstərməklə yanaşı, həm də Moskvanın regiondakı təsir imkanlarının hüdudlarını işarələyir. 

Bu yanaşma fonunda Rusiyanın proseslərə təsir imkanlarının daha çox Ermənistan üzərindən yönləndiyi aydın görünür.

Əliyevin açıqlamaları həm də Vaşinqton vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların təməl mahiyyətini açır. Prezidentin vurğuladığı kimi, söhbət şəxslər – Paşinyan və Əliyev – arasında deyil, dövlətlər arasında əldə olunmuş razılaşmadan gedir. Bu isə anlaşmanın davamlılığını təmin edən əsas arqumentdir. Beləliklə, Ermənistanda baş verə biləcək siyasi dəyişikliklər razılaşmanın mahiyyətini dəyişməməli, əksinə, onun beynəlxalq öhdəlik kimi qalacağını göstərməlidir.

Bakının bu mesajı həm də Tramp Administrasiyasına ünvanlanmış dolayı xəbərdarlıq kimi dəyərləndirilə bilər: “Vaşinqton anlaşmasının pozulma riski yalnız Ermənistandadır”. Bu, ABŞ-a açıq siqnaldır ki, prosesin zəif bəndi Ermənistan olaraq qalır və onun mövqeyindəki dəyişiklik regionda yeni risklər yarada bilər.

Əslində Moskva və Tehranın maraqları da bu zəif nöqtə üzərində cəmlənib. Ritorik baxımdan sərt açıqlamalar verilsə də, paralel olaraq Ermənistanla gizli danışıqların aparılması onların real hədəflərini göstərir. Yəni, prosesin pozulması üçün birbaşa Azərbaycanla qarşıdurma mümkün deyil, lakin Ermənistan üzərindən təsir mexanizmləri işə salına bilər.

Beləliklə, İlham Əliyevin müsahibəsi həm regional güclərə, həm də beynəlxalq oyunçulara ünvanlanmış çoxşaxəli mesajdır. O, bir tərəfdən Azərbaycanın siyasi iradəsini və suverenlik prinsipini qabardır, digər tərəfdən isə Vaşinqtonla əməkdaşlığın vacibliyini, anlaşmanın taleyinin isə əsasən Ermənistandakı siyasi sabitlikdən asılı olduğunu açıq şəkildə ortaya qoyur.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

27 Avqust 2025