Dünyanın maliyyə və siyasət mərkəzlərindən biri olan Nyu-York bu günlərdə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan tarixi anlara şahidlik edir. Qlobal güclərin, iri maliyyə institutlarının və beynəlxalq təşkilatların cəmləşdiyi bu şəhərdə Azərbaycan bayrağı təkcə bir dövlətin rəmzi kimi deyil, həm də artan nüfuzun, müstəqil siyasətin və iqtisadi gücün simvolu olaraq dalğalanır.
Səs-küylü küçələri və dünyanın taleyini müəyyən edən tribunaları ilə tanınan Nyu-Yorkda Prezident İlham Əliyevin addımları Azərbaycanın qlobal səhnədə yüksələn rolunu, yeni güc balansındakı mövqeyini parlaq şəkildə nümayiş etdirir. Bu səfər yalnız diplomatik görüşlərin silsiləsi deyil, həm də Azərbaycanın regional gücdən beynəlxalq oyunçuya çevrilən yeni mərhələsinin göstəricisi kimi tarixə yazılır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan Prezidentinin Nyu-Yorka işgüzar səfəri həm keçirilən ikitərəfli görüşlərin miqyası, həm də BMT Baş Assambleyasında nəzərdə tutulan çıxışı ilə diqqət mərkəzindədir:
“Bu səfərin ən vacib məqamlarından biri Prezidentin qlobal maliyyə nəhənglərinin rəhbərləri ilə görüşləridir. İlham Əliyevin “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone” kimi dünyanın ən iri investisiya şirkətlərinin rəhbərləri ilə apardığı müzakirələr Azərbaycanın iqtisadi potensialına olan marağın miqyasını aydın şəkildə göstərir. Bu qurumların hər biri beynəlxalq maliyyə bazarında trilyonlarla dollarlıq kapitala nəzarət edir və müxtəlif sahələrdə qlobal təsir imkanına malikdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, həmin görüşlər Azərbaycan tərəfinin deyil, məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Bu, ölkəmizin artan geosiyasi çəkisinin və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Qlobal maliyyə mərkəzlərinin belə təşəbbüsü Azərbaycanın sabit iqtisadi mühitinin, strateji mövqeyinin və güclü investisiya potensialının göstəricisidir”.
Tural İsmayılov: Nyu-York səfərinin digər mühüm tərəfi BMT çərçivəsində keçirilən görüşlərdir
Politoloqun sözlərinə görə, Azərbaycanın regionda sabitlik və davamlı inkişafın təminatçısı kimi tanınması bu marağı təbii edir. Hər bir belə görüş ölkənin iqtisadi gələcəyinə uzunmüddətli töhfələr verir, yeni investisiya axınlarını təşviq edir. Prezident İlham Əliyev bu müzakirələrdə Azərbaycanın enerji keçidi, alternativ enerji layihələri, nəqliyyat-logistika imkanları və genişlənən əməkdaşlıq platformalarını önə çıxarıb:
“Nyu-York səfərinin digər mühüm tərəfi BMT çərçivəsində keçirilən görüşlərdir. Burada da eyni tendensiya nəzərə çarpır – bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tutur. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunun və liderlik rolunun açıq göstəricisidir. Prezident İlham Əliyevin BMT tribunasından etdiyi çıxışlar hər zaman diqqətlə izlənilir, çünki bu nitqlərdə təkcə regional məsələlər deyil, həm də qlobal təhlükəsizlik və sülh gündəliyinə dair mühüm mesajlar yer alır. Azərbaycanın qlobal liderlik iddiası yalnız iqtisadi və enerji layihələri ilə məhdudlaşmır, həm də sülh quruculuğu proseslərində özünü göstərir. Dövlət başçısının verdiyi mesajlar ölkəmizin prinsipial mövqeyini, milli maraqlara sadiqliyini və beynəlxalq hüquqa hörmətini nümayiş etdirir”.
Ekspert vurğulayıb ki, Nyu-Yorkda keçirilən bütün görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqlarını ifadə edir. Prezidentin ABŞ-in aparıcı şirkət rəhbərləri ilə görüşləri ölkəmizin investisiya cazibəsini artırır, enerji sahəsindəki imkanlarını qlobal kapital ilə birləşdirən mühüm platforma yaradır. BMT çərçivəsində aparılan ikitərəfli müzakirələr isə Azərbaycanın diplomatik fəallığını və beynəlxalq arenada artan təsir gücünü təsdiqləyir. İlham Əliyevin təşəbbüsləri regional təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərində Azərbaycanın mövqeyini daha da gücləndirir:
“Ümumilikdə, Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın iqtisadi, siyasi və diplomatik baxımdan güclənməsinin parlaq göstəricisidir. Bu səfər ölkənin yüksələn nüfuzunu, strateji mövqeyini və qlobal siyasətdə söz sahibinə çevrildiyini bir daha sübut edir. Görüşlərin miqyası, BMT tribunasından veriləcək mesajlar və əldə olunacaq razılaşmalar Azərbaycanın beynəlxalq siyasətdə möhkəmlənən rolunu nümayiş etdirərək ölkəmizin regional gücdən qlobal oyunçuya çevrilməsini təsdiqləyir”.
Əli Hüseynov