Ukrayna Prezidenti Volodimir Zelenski müharibə bitsə, növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Zelenskinin özü deyib.
O, Rusiya ilə müharibə başa çatdıqdan sonra dövlət başçısı vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib. Zelenski atəşkəs əldə olunacağı təqdirdə Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Ukrayna müharibəsinin yaxın zamanda başa çatması gözlənilmir. Bu səbəbdən prezident Volodimir Zelenskinin istefası da gündəmdə deyil.
Tural İrfan: Ukrayna ilə Rusiya arasında münaqişənin həlli üçün hələ ki, real çıxış yolu yoxdur
“Bəzən onu istefaya səsləyən qruplar olur. Onlar hesab edir ki, müharibənin bu qədər uzanması Zelenskinin bacarıqsızlığı ilə bağlıdır. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Zelenski özü də bəyan edir ki, müharibəni bitirdikdən sonra vəzifədən gedəcək”, - deyə Tural İrfan qeyd edib.
Politoloqun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında münaqişənin həlli üçün hələ ki, real çıxış yolu yoxdur.
Müsahibimiz vurğulayıb ki, Zelenski istəməsə belə, dövlət və xalq naminə çətin sınaqlardan çıxmış təcrübəli lider kimi vəzifəsini davam etdirməyə məcbur qala bilər:
“Müharibənin başa çatdırılması bir deyil, bəzən bir neçə prezidentlik dönəmi tələb edir. Belə çağırışların olması təbiidir. Ola bilər ki, növbəti seçkilərdə iştirak etməsin, amma hazırkı durumda istefa verməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər”.
Mina Mikayılova