• Bakı 16° C

    16.02 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Əliyevin BMT çıxışı: Azərbaycanın qlobal ədalət və sülh çağırışı

SİYASƏT

26 Sentyabr 2025 | 16:10

Əliyevin BMT çıxışı: Azərbaycanın qlobal ədalət və sülh çağırışı

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasında çıxışı Azərbaycanın son illərdə beynəlxalq arenada nümayiş etdirdiyi fəallığı və formalaşdırdığı yeni diplomatik xətti əks etdirirdi.

Çıxışda ilk növbədə Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal və etnik təmizləmə siyasəti, bunun nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsi xatırladıldı. Dövlət başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi və bu, həm də ədalətin gec də olsa təntənəsi oldu.

O, müharibədən sonra sülhə yönəlmiş addımları diqqətə çatdıraraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərdən bəhs etdi. Vaşinqtonda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması və ATƏT-in Minsk qrupunun ləğvi regionda yeni siyasi reallığın göstəricisi kimi təqdim edildi. Xüsusilə “Tramp Marşrutu”nun regional bağlantıları gücləndirəcək beynəlxalq layihə olması vurğulandı.

Çıxışın mühüm hissəsi Azərbaycan–ABŞ münasibətlərinə həsr olundu. Prezident strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldildiyini, 907-ci düzəlişin icrasının dayandırılmasını və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını tarixi addım kimi qiymətləndirdi. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı, genişmiqyaslı yenidənqurma layihələri və mina təhlükəsinin yaratdığı problemlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Azərbaycanın qlobal çağırışlara yanaşması da nitqin önəmli istiqamətlərindən idi. COP29-a ev sahibliyi, “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsi, Paris Sazişi çərçivəsində yeni mexanizmlərin formalaşdırılması ölkənin beynəlxalq iqlim gündəmində aparıcı rola iddialı olduğunu göstərdi. Enerji təhlükəsizliyi sahəsində həm ənənəvi, həm də bərpaolunan mənbələrdə etibarlı tərəfdaş olduğu vurğulanan Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac etməklə Avropanın enerji xəritəsində strateji mövqeyə sahibdir.

Prezident, həmçinin iqtisadi inkişaf, yoxsulluğun tarixi minimum həddə enməsi, beynəlxalq reytinqlərin yüksəlməsi və investisiya mühitinin yaxşılaşdırılmasını Azərbaycanın uğurları kimi qeyd etdi. O, Azərbaycanın həm müharibəni udaraq ərazi bütövlüyünü təmin etdiyini, həm də sülh və əməkdaşlıq gündəmini irəli sürərək regionda yeni reallıq yaratdığını vurğuladı.

Çıxışın əsas mesajı ondan ibarət idi ki, Azərbaycan yalnız öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn üstünlüyünü təmin etməklə qlobal sülh və təhlükəsizliyə töhfə verir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR