• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

İmtahan sualları asan olsa da... - Bəzi testlərdə cümlə strukturu lazımsız dərəcədə mürəkkəbləşdirilir

CƏMİYYƏT

03 Mart 2025 | 12:22

İmtahan sualları asan olsa da... - Bəzi testlərdə cümlə strukturu lazımsız dərəcədə mürəkkəbləşdirilir

Xəbər verdiyimiz kimi, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 57 mindən çox şagirdimtahan verib.

Adəti üzrə, imtahandan sonra böyük bir əksəriyyət sosial şəbəkələrdə imtahanla bağlı fikirlərini bölüşüblər. Belə ki, bir çox insan tərtib olunan imtahan suallarında cümlələrin mürəkkəb quruluşa malik olduğunu bildirib.

Maraqlıdır, suallarla bağlı ümumi vəziyyət necədir?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov dünənki imtahanla bağlı apardığı təhllilərə istinadən Bakıvaxtı.az-a bildirib ki, sualların ümumi səviyyəsinə baxdıqda bəzi fənlər üzrə verilən tapşırıqlar çox asan olub, digərlərində isə məntiqi quruluş baxımından qarışıqlıq yaradıb.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan və İngilis dilləri üzrə sualların bir çoxunun dil quruluşunun mürəkkəbliyi abituriyentlərin başa düşmə sürətini azaldır. K.Əsədov qeyd edib ki, imtahan sualları məktəb proqramına uyğun olsa da, bəzi suallarda məzmunun izahı və aydınlığı kifayət qədər gücləndirilməli idi.

Kamran Əsədov: Buraxılış imtahanı abituriyentlərin real bilik və bacarıqlarını yoxlamaq üçün ideal modelə sahib deyil

Ekspert nəzərə çatdırıb ki, riyaziyyat suallarında bəzi məsələlərin xarici mənbələrdən götürüldüyü və sadəcə tərcümə edildiyi artıq açıq-aşkar görünür:

“DİM iddia edir ki, sualların hazırlanması üçün ekspertlərə yüksək maaşlar verilir, suallar xüsusi olaraq tərtib olunur, lakin real mənzərə tam fərqlidir - sualların xarici mənbələrdən götürülməsi xidmət haqqının haqlılığını şübhə altına salır”.

Müsahibimiz mürəkkəb quruluşlu suallarla bağlı deyilənlərin də haqlı olduğunu bildirib. Dediyinə görə, DİM son illərdə bəzi testlərdə cümlə strukturunu lazımsız dərəcədə mürəkkəbləşdirir ki, bu da abituriyentlər üçün əlavə vaxt itkisinə səbəb olur.

Əsədovun sözlərinə görə, xüsusilə, məzmun sadə olduğu halda, sualın ifadə tərzi çətinləşdirilibsə, bu, bilik yox, dilə uyğunlaşma imtahanına çevrilir. Halbuki beynəlxalq təcrübədə sualların sadə, lakin dəqiq olması əsas götürülür:

“Təəssüf ki, buraxılış imtahanı abituriyentlərin real bilik və bacarıqlarını yoxlamaq üçün ideal modelə sahib deyil. Son illərdə nəticələrdən aydın olur ki, testlərin böyük bir hissəsi sadəcə əzbərçiliyə əsaslanır və məntiqi düşünməni yoxlamağa tam yönəlməyib. Bu isə sonrakı mərhələdə ali təhsil müəssisələrində keyfiyyətli tələbə kütləsinin formalaşmasına təsir edir”.

Ekspertin fikrincə, əgər imtahan sistemi abituriyentləri universitet təhsilinə hazırlamağı hədəfləyirsə, sualların məzmunu daha çox tənqidi düşüncə, analiz və məntiq üzərində qurulmalıdır. Həmsöhbətimiz bildirib ki, sadəcə test sistemində qalmaq, özü də başa düşülməsi çətin suallarla abituriyenti çaşdırmaq keyfiyyət artımına gətirib çıxarmayacaq. Əksinə, bu yanaşma imtahan nəticələrinin manipulyasiya olunmuş şəkildə idarə edilməsinə xidmət edir:

“Ümumilikdə, buraxılış imtahanında sualların məntiqi uyğunluğu, sadə və aydın ifadə olunması, eləcə də testlərin məzmun baxımından tələb olunan standartlara cavab verməsi məsələsi hələ də açıq qalır. DİM bu sahədə daha çox işləməli və ən əsası, şəffaflıq nümayiş etdirməlidir. Əgər suallar internetdən götürülürsə, bu açıq şəkildə bildirilməli, ekspertlərə ayrılan vəsaitin real xərclənməsi barədə ictimai hesabat verilməlidir. Əks halda, buraxılış imtahanları təkcə abituriyentlər üçün yox, ümumiyyətlə, təhsil sistemi üçün problem olaraq qalacaq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR