“ABŞ-nin vitse-prezidenti Ceyms De Vensin Azərbaycan və Ermənistana səfərinin əsas məqsədi TRIPP layihəsinin müzakirəsi ilə bağlıdır”.
Bunu politoloq İlqar Vəlizadə ABŞ-nin vitse-prezidenti Jey Di Vensin fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana gözlənilən səfərini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Analitik vurğulayıb ki, TRIPP layihəsi ilə bağlı artıq əməli işlər gedir. Dediyinə görə, hətta erməni rəsmilər hazırda layihə-smeta işlərinin aparıldığını və ilin ikinci yarısında artıq konkret işlərin başlanacağını vurğulayırlar:
“Eyni zamanda Ermənistan XİN başçısının ABŞ-yə səfəri çərçivəsində TRIPP layihəsi ilə bağlı konkret razılaşma əldə olunub. Bunların hamısı ondan xəbər verir ki, artıq dəhliz məsələsi “ölü nöqtə”dən tərpənib. Qarşıdakı günlərdə daha çox əməli addımların şahidi ola bilərik”.

İlqar Vəlizadə: Erməni mediasının Bakıda həbsxanada olan separatçıların sərbəst buraxılmasını gündəmə gətirməsi absurddur
Politoloq vurğulayıb ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı şərtləri bəllidir: “Ermənistan tərəfi Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəlişi tam təmin etməlidir. Ehtimal ki, səfər zamanı tərəflər bu məsələ ətrafında müzakirələr aparacaqlar”.
İlqar Vəlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın da İrəvan hökumətinin Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazır olması barədə açıqlama verdiyini xatırladıb:
“Erməni mediasının Vensin səfəri fonunda hazırda Bakıda həbsxanada olan separatçıların sərbəst buraxılmasını gündəmə gətirməsi absurddur. Ola bilər, qarşıdakı müzakirələr və razılıqlar çərçivəsində hərbi əməliyyatlarda iştirak etməyən, sadəcə keçmiş qondarma rejimin tərkibində fəaliyyət göstərmiş hansısa 2-3 erməni məhbusun təhvil verilməsi gündəmə gələ bilər. Əlbəttə ki, bununla bağlı son qərarı Bakı verəcək. Təbii ki, separatçıların başçılarının buraxılmasından söhbət gedə bilməz”.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Jey Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə məlumatı ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsinda yazıb.
Tramp vurğulayıb ki, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib. Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bundan əlavə, Tramp ABŞ-nin Azərbaycana zirehli geyimlər, qayıqlar və digər məhsullar da daxil olmaqla ABŞ istehsalı olan müdafiə avadanlıqları satmağı planlaşdırdığını açıqlayıb. Qeyd edək ki, bəzi erməni saytları Vensin Bakıdan separatçıların İrəvana təhvil veriləməsini xahiş edəcəyini iddia ediblər.
Aydın Baxış
Bakı 




