Artıq dükan-bazarlarlarda mövsümü müyvələr satılır. Amma həmin meyvələrin qiymətinin bahalığı bir yana, əhali indi satılan meyvənin, xüsusən də çiyələyin zərərli olduğunu iddia edir. Bunu isə indi çiyələyin dərman vasitəsilə yetişdirilməsi ilə əlaqələndirirlər. Satıcılarsa bunun tam əksini deyirlər.
Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, işbazlar öz manafeyinə görə hər şeyi qurban verər, and içər: “Biz bunu bəzən maşın alverçilərində də görürük. Elələri öz zay məhsulunu insanlara satmaq üçün öz balasının canına and içər”.
Onun sözlərinə görə, geni dəyişdirilmiş məhsulların, bu cür meyvələrin ərsəyə gəldiyi gündən insanlarda manqurtlaşma gedir: “Hibrit adı altında satılan bu məhsullar birbaşa bizim genlərimizə təsir edir. Onu satan adam da o qədər yeyib ki, onun üçün and içmək heç nədi. Çünki bu adamda vicdan deyilən bir şey qalmayıb. Əgər dərman yoxdursa, o cür gözəl çiyələyi hardan əldə etmisən?! Çiyələyin vaxtıdır?! Çiyələk vaxtında yetişər, satılar, bilərik ki, orqanik məhsuldur. Bizim hər çıxışımızdan sonra da qiymətini qaldırırlar”.
Mütəxəssis bildirib ki, bu məhsullar birbaşa xəstəlikdir: “Vaxtından tez yetişən hər bir şey insanlarara xəstəlik verir. Təbiət özü nəyi nə vaxt verirsə, o vaxt istehlak edilməlidir. Bunu düşünmək üçün alim olmaq lazım deyil. Guya fəlsəfə doktorları nə bilir?! Hamısı pula satılan insanlardır, çıxıb belə məhsulları onlar da tərifləyir. Düşünə bilən hər bir insan başa düşməlidir ki, təbiət məhsulu mənə nə vaxt verirsə, onda yeməliyəm. Vaxtından tez yetişdirilirsə, deməli, müdaxilə var. Müdaxilə varsa, bizim genimizə də təsir etmiş olur. Ona görə də, birmənalı olaraq, ziyandır, yemək olmaz”.
A.Salamov vurğulayıb ki, marketlərdə vaxtından tez yetişmiş alçalar da satılır: “Yaxınlaşıb soruşuram ki, indi alça vaxtı deyil, bu harda yetişib?! Kal alça olsa, and içə bilər ki, dərman deyil. Onda qoy bu yetişsin də. Bu işbazlar pula görə ölkəni məhv edib. Allahdan arzum odur ki, göydən bunların başına o qədər pul tökülsün ki, ağızları o qədər qızılla dolsun ki, nəfəsləri kəsilib ürəkləri partlasın. Milləti məhv edib ağzı üstə qoydular. Millətin geninə girib atomlarını parçalayıb xramosonlarına qədər gedib çıxdılar. Sual verirəm ki, bu alça kaldırsa, niyə satırsan?! Deyir, alırlar da. Nə var, nə var onu indi beş manata, yetişən vaxt isə bir manata satacaq. Bu işbazların qarşısını alan qüvvə yoxdur, gücləri çatmır. Gücləri çatır e, pulunu verib gətirib satır. Yaxşı edir! İşbaz pul qazanır, işbaza icazə verən qurum hara baxır?! Ona görə də, siz boşuna yazacaqsınız, mən də boşuna danışacam”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Bakıvaxtı.az-a bildirilib ki, çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.
Çiyələyin faydaları ilə yanaşı düzgün istehlak edilmədikdə onun insan orqanizminə zərərli təsirləri də olur. Doğru şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər.
AQTA bildirir ki, belə zəhərlənmələrin qarşısını almaq üçün aşağıda sadalanan xüsusları nəzərə almaq lazımdır:
- Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir.
- Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.
- Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır.
- Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa belə məhsul yeyilmədən atılmalıdır.
- İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir.
- Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir.
- Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.
Aytac Aslan
















