• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

İndoneziyalı qonaqlar QMİ-də olublar - FOTO

CƏMİYYƏT

07 Iyun 2023 | 15:48

İndoneziyalı qonaqlar QMİ-də olublar - FOTO

İyunun 7-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının “Nahdətul Üləma” İslam təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a QMİ-dən bildirilib.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb, QMİ ilə İndoneziyadakı müxtəlif dini təşkilatlar arasındakı əlaqələrdən danışıb, Bakıda keçirilən dinlərarası əməkdaşlıqla bağlı sammit və konfranslarda İndoneziyanın tanınmış din xadimlərinin iştirakını məmnunluqla xatırlayıb.

Azərbaycanın müsəlman dini mərkəzinin tarixi barədə qonaqlara geniş məlumat verən Müfti Salman Musayev ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, bu sahədə əldə edilən uğurların müxtəlif dövlətlər tərəfindən nümunə olaraq öyrənildiyini diqqətə çatdırıb, QMİ-nin tolerantlıq mühitinin, dinlər və məzhəblər arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb. QMİ sədrinin birinci müavini bildirib ki, 44 günlük Vətən müharibəsindəki qazanılan Zəfər nəticəsində Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqları azad edilib, bu gün həmin ərazilərdə geniş abadlıq-quruculuq işləri həyata keçirilir, təkcə məscidlər deyil, digər dinlərə məxsus ibadət ocaqları da dövlətimizin diqqət və qayğısı ilə bərpa olunur. 

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid  nümayəndə heyətinin Bakıda və ayrı-ayrı bölgələrdə keçirdiyi görüşlər barədə məlumat verib, ölkəmizdə dini mühitin, mədəniyyətlərarası harmoniyanın qonaqlarda unudulmaz təəssürat yaradacağına inandığını deyib.

“Nahdətul Üləma” təşkilatının İdarə Heyətini sədrinin birinci müavini Mayhuri Malik təmsil etdiyi qurum barədə məlumat verib. Onun sözlərinə görə, “Nahdətul Üləma” İndoneziyanın ən böyük İslami təşkilatlarından biridir, 150 milyondan çox üzvü olan bu qurum ölkənin dini və ictimai həyatında mühüm rol oynayır. Mayhuri Malik bildirib ki, təşkilat Azərbaycanın dini müxtəliflik, tolerantlıq, multikulturalizm sahəsindəki uğurları öyrənmək, bu sahədə təcrübə mübadiləsi aparmaq fikrindədir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara hədiyyələr təqdim olunub.

Görüşdə QMİ sədrinin müavinləri Rəşad Əliyarlı və Qəmərxanım Cavadlı iştirak edib.


SON XƏBƏRLƏR

23 Aprel 2024