• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Media-din münasibətlərində risklər və imkanlar 

CƏMİYYƏT

07 Iyul 2023 | 14:36

Media-din münasibətlərində risklər və imkanlar

Bu gün media siyasətdən iqtisadiyyata, sənətdən ədəbiyyata qədər müxtəlif formaları ilə gündəlik həyata, sosial təcrübələrə və qlobal sosial münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərən, fərdi və ictimai həyatın tam mərkəzində mühüm elementdir. Həmçinin, dinlər fərdi və ictimai həyata əhəmiyyətli təsir göstərir və ən qədim zamanlardan bütün cəmiyyətlərdə ortaq bir element kimi meydana çıxıbdır.

Funksionallığına və çoxfunksiyalı strukturuna görə media ilk dövrlərdən bəri müxtəlif dinlərin üzvləri üçün mühüm alət olub, dini mesajların yayılmasında vasitə kimi istifadə olunub.

Bu istiqamətdə bu gün bir çox dini qruplar medianı bir fürsət hesab edir; Jurnallar, qəzetlər və digər nəşrlərlə, həmçinin sosial şəbəkələr vasitəsilə öz təsirini artırmağa çalışır.

Qərbdə İslamofobiya və media: Fransa nümunəsi

Avropa Birliyinin ən çox müsəlman əhalisinə malik ölkəsi olan Fransada hökumətin müxtəlif zamanlarda İslamı hədəf alan siyasətləri və bu ölkədə fəaliyyət göstərən medianın islamofobiyanı gündəmdə saxlaması müsəlmanları narahat edir.

“İslamofobiya” termini ilk dəfə 1913-cü ildə Fransa Koloniyalar Nazirliyinin (Ministre des Colonies de France) çalışan bir məmur əməkdaşı A. Quellin’in “La Politique musulmane dans l’Afrique occidentale français” adlı əsərində istifadə edilib. İslam dininə mənsub insanlara və bu inanca qarşı səbəbsiz qorxu, müsəlmanlara qarşı nifrət və düşmənçilik mənasında istifadə olunan “İslamofobiya” anlayışı 1980-ci ildə iki gənc qadının hicab taxdıqlarına görə məktəblərdən qovulması ilə yenidən gündəmə gəldi. 

İslam dini Fransa mediasında uzun müddətdir müzakirə mövzusudur. 2015-ci ildə Fransanın “Charlie Hebdo” jurnalında İslam peyğəmbərinin təhqir edən karikaturasının dərc olunması “ocağa benzin tökdü”, yəni müzakirələr qızışdı. Dünyanın müxtəlif yerlərindən etiraz səslərinin ucalmasından sonra  Fransa dövləti və mediasını məlum karikaturanı demokratiya və ifadə azadlığı adlandırdı.

Hər il Fransada antiislam meyilləri getdikcə kəskinləşir. Bu ölkədə İslama qarşı nifrət çağırışlarının artması Fransadakı erməni terror şəbəkəsini də gücləndirib və onlar din adından sui-istifadə edərək Azərbaycana qarşı siyasət aparırlar.

***

2022-ci ildə Avropada islamofobiya səviyyəsinin əhəmiyyətli dərəcədə artması ilə yadda qalıb.

Bu barədə Avropanın İslamofobiya Hesabatında qeyd edilib. Avropanın 23 ölkəsini əhatə edən hesabatda görə, bəzi Avropa ölkələrində 2022-ci ildə anti-müsəlmanlığın inkişafına töhfə vermək üçün addımlar atıb. Bəzi Avropa ölkələrində İslam dinini hədəf alan hücumların sayı artıb. Müsəlmanlara hücumlar və nifrət çıxışları artıb.

Hesabatda həmçinin 23 Avropa ölkəsində siyasətçilərin və medianın anti-müsəlman ritorikasının, müsəlmanlara və müsəlman qurumlarına qarşı hücumların, qurumlardakı anti-müsəlmanlığın ətraflı təhlili yer alıb.

İslama qarşı ayrı-seçkiliyə səssiz qalan Avropa ölkələrinin media orqanları İslam dünyasını ayağa qaldıran və beynəlxalq ictimaiyyətdə hiddət doğuran İslam peyğəmbərini təhqir edən karikaturaların dərc edilməsini və Qurani-Kərimin yandırılmasını “ifadə azadlığı” olduğunu müdafiə edir.

***

Bu ilin iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs kitabı – Məhəmməd (s) Peyğəmbərlə yanaşı İbrahim, Musa, İsa və Müqəddəs Məryəm ananın zikr olunduğu Qurani-Kərim həqarət olunaraq yandırılıb.

Bu hadisə ilə Azərbaycandakı dini konfessiya rəhbərləri birgə bəyanat yayıb.

Bəyanatda Quranın yandırılması islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirilib və bu iyrənc hadisə qətiyyətlə pislənilib.

“Qeyd etməliyik ki, İslam Peyğəmbərinin karikaturalarla təhqir olunması və bu əməllərin dövlət başçısı tərəfindən açıq surətdə dəstəklənməsi kimi görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlamışdır. Müstəmləkəçilik ideyalarının pərəstişkarı olan Fransa bu gün də öz islamofobiya xislətinə sadiq qalaraq Azərbaycanda aqressiv separatizmi dəstəkləyir, bölgədə sülhə nail olunmasına maneə yaradır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri - Stokholm şəhərində İsveçin hökumət qurumlarının icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı, habelə Niderlandda demokratiya və ifadə azadlığı şüarları altında İslam dininə, onun Peyğəmbərinə (s), müqəddəs Qurana, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanmışdır”, - deyə Azərbaycandakı dini konfessiya rəhbərləri birgə bəyanatında bildirilib.

Azərbaycanda dövlət siyasəti və medianın fəaliyyəti - din birləşdirici amil kimi 

Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, respublikamızda din-dövlət münasibətləri cəmiyyətdə təşəkkül tapmış dəyərlərə və ölkənin milli maraqlarına uyğun tənzimlənir.

Dünyəvi dövlət olan Azərbaycan istər məzhəblər, istrəsə də dinlərarası münasibətlərin səviyyəsinə görə, həm Qərb, həm Şərq üçün uğurlu modeldir. Ölkəmizdə dini etiqad azadlığı, multimədəni harmoniya təmin edili, dinlərarası dialoqun və multikultural dəyərlərin inkişafına böyük töhfələr verilib.

“Dini etiqad azadlığı haqqında” Qanuna görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Belə ki, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir.

Bu gün isə ölkəmizdə mövcud olan məscid, kilsə, sinaqoq və digər ibadət yerlərinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Həmçinin ehtiyac olduğu təqdirdə ibadətgahlar təmir edilir və yaxud da yeni ibadət yerləri inşa edilir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində ərazilərimiz işğaldan azad edildi və oradakı məscidlər, kilsələr və məbədlər də düşmən tapdağından qurtuldu.

Birləmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə görə, Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində olmuş ibadət evləri və tarixi abidələri bərpa edilir və yenidənqurma işləri görülür.

Ermənistan işğal altında saxladığı ərazilərimizdəki tarixi-mədəni irsimizi silmək və özününküləşdirmək məqsədi ilə kilsə və məbədlərin xarici görünüşündə müxtəlif dəyişikliklər ediblər. Heç kimə sirr deyil ki, Laçın rayonundakı Ağoğlan monastrı, Kəlbəcərin (Xudavəng) külliyəsi, Ağdərə rayonundakı Müqəddəs Yelisey məbəd kompleksi, yenə eyni rayondakı Gəncəsər (Qandzasar) monastrı Cənubi Qafqazın ilk xristian dövləti olan, iyirmidən çox Türk və Qafqaz soylu xalqı bayrağı altında birləşdirmiş, Azərbaycan Türklərinin etnogenezinin formalaşmasında da mühüm rol oynayan Qafqaz Albaniyasının tarixi mirasıdır. Və istənilən vaxt Alban-Udi xristian icmasının üzvləri onlara məxsus həmin ibadətgahları zirayət edə bilirlər.

***

Heç kimə sirr deyil ki, din və medianın böyük kütləsi olduğu üçün ictimaiyyətə təsir imkanları çoxdur. 

Bu amil xarici qüvvələrin diqqətini çəkir. Müəyyən qruplar öz niyyətlərini həyata keçirmək üçün nsanların inanclarından, mediadan və sosial şəbəkələrdən sui-istifadə etməyə cəhd edirlər. Dövlət təhdid doğuran hallara qarşı mübarizə aparır. Medianın da bu mübarizədə ön sıralarda yer aldığını görürük.

Kommunikasiya texnologiyalarının ən yeni və ən qabaqcıl məhsulu olan sosial media təqdim etdiyi imkanlarla demək olar ki, sərhədləri aşır. Bu gün sosial şəbəkələr həm psixoloji, həm də sosioloji təsirlər yarada bilirlər. Müşahidə edirik ki, kütləvi informasiya vasitələrinin nümayəndələri sosial şəbəkələrdə də təhlükəli tendensiyalara və təxribatlara qarşı mübarizə aparırlar, könüllü olaraq din və media savadlılığını artırmağa çalışırlar. Azərbaycan mediası mütəmadi olaraq din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və söz azadlığı pərdəsi altında nifrət çağırışlarının qarşısının alınmasına diqqət yönəldib.

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nda jurnalistin insanları millətinə, irqinə, sosial vəziyyətinə, o cümlədən, dini mənsubiyyətinə görə fərqləndirməsinin yolverilməzliyi kifayət qədər əhatəli əks olunub. Qaydalarda bildirilir ki, jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Bəli, Azərbaycan dövlətinin siyasəti və medianın fəaliyyəti nəticəsində ölkəmiz bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.

Ramid İbrahimov

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026