İdeal bədənə sahib olmaq istəyənlərin qarşılaşdığı çətinliklər məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyada keçirilən sorğu nəticəsində vətəndaşların ideal bədən quruluşuna nail olmaq üçün qarşılaşdıqları əsas maneələr müəyyən edilib.
Sorğuda iştirak edənlərin əksəriyyəti arıqlamaq məqsədilə idmanla məşğul olmağa çalışdıqlarını bildiriblər. Lakin onların böyük hissəsi bu fəaliyyəti müntəzəm şəkildə davam etdirə bilmədiklərini qeyd ediblər. Belə ki, respondentlərin 13 faizi həftədə bir dəfədən çox idmanla məşğul olmadığını, 25 faizi yalnız istədikləri zaman məşq etdiklərini, 27 faizi isə idmana nadir hallarda vaxt tapa bildiklərini etiraf ediblər. Əlavə olaraq, respondentlərin 33 faizi ümumiyyətlə fiziki fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər.
Tədqiqat iştirakçılarının 36 faizi üçün ən çətin məsələ pəhriz və idman cədvəlinə riayət etməkdir. Bundan əlavə, 28 faiz motivasiyanı qorumağın əsas problem olduğunu, 20 faiz isə idmana pul xərcləmək istəmədiklərini qeyd ediblər. Respondentlərin 19 faizi isə pis vərdişlərin ideal bədənə sahib olmaqda əsas maneə olduğunu bildirib.
Mütəxəssislər bildirirlər ki, ideal bədən quruluşuna nail olmaq üçün düzgün qidalanma, müntəzəm idman və motivasiyanın qorunması əsas amillərdir. Yalnız pəhriz və ya yalnız idmanla arzulanan nəticəyə çatmaq çətin ola bilər. Bu səbəbdən, hər iki faktorun birlikdə tətbiqi və davamlılıq uğurun əsas açarlarıdır.
Mina Mikayılova