Kazanda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra İrəvanın fəallaşması və sərhəd delimitasiyası ilə bağlı komissiyaların müzakirələri müsbət haldır.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.
Analitik vurğulayıb ki, Ermənistan bunu özbaşına, öz iradəsi ilə həyata keçirmir:
"Bunu İrəvan hökumətindən başda ABŞ olmaqla Qərb tələb edir. Əslində Azərbaycanın da istəyi sülh prosesində irəliləyişə nail olmaqdır. Məhz buna görə Ermənistan qarşısında müəyyən tələblər qoyulur”.
Müsahibimiz qeyd edib ki, Kazan görüşündən, daha doğrusu BRİKS sammitindən əvvəl ABŞ prezidenti C.Baydenin Azərbaycan rəhbərliyinə göndərdiyi məktublarda Ermənistanla sülh müqaviləsinin tez zamanda imzalanmasına diqqət çəkilirdi. Böyük ehtimal Bayden İrəvan hökumətinin başçısı Nikol Paşinyana da eyni mesajları göndərmişdi:
“O baxımdan sülh prosesinin sürətlənməsi normal və təbiidir. Rəsmi Bakı hər zaman öz mövqeyini ortaya qoyub və sülh prosesinin sürətlənməsində maraqlı olduğunu açıqlayıb”.
Fuad Abbasov: Rəsmi Bakı sülh prosesinin sürətlənməsində maraqlıdır
F,Abbasov bir daha qeyd edib ki, İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi Vaşinqtondan gələn tələb üzərinədir.
“Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi, o cümlədən hökumət nümayəndələri konstitusiyanın dəyişdirilməsindən, bu məsələnin zəruriliyindən danışmırlar. Əgər Ermənistan "konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarıldı" şəklində açıqlama versə, İrəvan hökumətinin sülhdə daha ciddi olduğunu, səmimi yanaşdıqlarını görəcəyik. Əks halda onsuz da bütün dünyanın bildiyi həqiqətləri ara-sıra hansısa erməni rəsminin dilə gətirməsi mənasızdır. Bu da Azərbaycan üçün heç nə dəyişmir. Nə Paşinyan, nə də onun hökumətinin üzvləri konstitusiyanın dəyişdirilməsi barədə konkret fikir bəyan edirlər", - deyə Fuad Abbasov vurğulayıb.
Aydın Baxış